Qıza telefonunu verən kişi törətmədiyi qətlə görə həbsə düşdü – 7 il sonra həqiqət üzə çıxdı

Qıza telefonunu verən kişi törətmədiyi qətlə görə həbsə düşdü – 7 il sonra həqiqət üzə çıxdı

Hindistanda yeddi il əvvəl öldürüldüyü ehtimal edilən gənc qadının sağ olduğu məlum olub. Onun yoxa çıxması ilə bağlı aparılan araşdırma nəticəsində günahsız bir kişi həbsxanaya düşüb.

Gundelik.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Məlumata görə, 2019-cu ildə Manju adlı gənc qadın atası onu öz razılığı olmadan ərə vermək istədikdən sonra evdən qaçıb. O, avtobus dayanacağında Rajesh adlı tanımadığı şəxsdən yaxınlarına zəng etmək üçün telefon istəyib. Daha sonra sevgilisinin yanına gedib.

Qız evə qayıtmayanda atası polisə müraciət edib. İlkin mərhələdə polis cinayət işi açmasa da, 2021-ci ildə ata yenidən hüquq-mühafizə orqanlarına üz tutub. Onun sözlərinə görə, ona qızının Rajesh tərəfindən qaçırıldığı, öldürüldüyü və meyitinin qalıqlarının çaya atıldığı bildirilib.

Qadının cəsədi tapılmasa da, Rajesh həbs olunaraq qətldə ittiham edilib. O, təxminən iki il yarım həbsdə qalıb, daha sonra girov müqabilində azadlığa buraxılıb.

Rajesh günahsız olduğunu sübut etmək üçün mübarizəsini davam etdirib. O, vəkili ilə birlikdə itkin düşmüş qadının axtarışına başlayıb.

Nəhayət, 2026-cı ildə Rajesh qaçan qadını başqa bir rayonda tapıb. Məlum olub ki, Manju həmin müddətdə ailə qurub və həyatını davam etdirib.

Manju baş verənlərə münasibət bildirərkən Rajesh adlı şəxsi ümumiyyətlə tanımadığını və atasının onun barəsində niyə belə bir şikayət etdiyini anlamadığını deyib:

“Rajeshin kim olduğunu belə bilmirəm və atamın niyə belə bir ərizə verdiyini anlamıram. O, tamamilə günahsızdır və bunu istənilən yerdə təsdiqləməyə hazıram”.

Rajeshin ailəsi Manjunun atasının və onun həbsinə səbəb olan keçmiş müstəntiqin məsuliyyətə cəlb olunmasını tələb edib. Ailənin iddiasına görə, keçmiş müstəntiq həbs üçün sübutları saxtalaşdırmış ola bilər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl Yaponiyanın paytaxtı Tokioda bar sahibi sevgilisinin meyit qalıqlarını göl yaxınlığına atdıqdan sonra bunu unutduğunu bildirmişdi. Cütlüyün münasibətlərinin son ilində tez-tez mübahisə etdiyi və bu səbəbdən polisə dəfələrlə müraciət olunduğu qeyd edilmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.