“Qiyamət günü radiosu” susdu: Efirdə yayımlanan üç şifrəli mesaj diqqət çəkdi
Rusiyada “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 radiostansiyasının ötürücüsü söndürülüb.
Gundelik.az xəbər verir ki, bu barədə radiostansiyanın yayımlarını izləyən “UVB-76 Logs” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, “Qiyamət günü radiosu” Moskva vaxtı ilə saat 15:29-da susub. Bundan əvvəl isə efirdə üç şifrəli mesaj səsləndirilib.
İlk mesaj saat 10:56-da yayımlanıb və “греховодник” (günahkar, günaha sövq edən şəxs) sözünü ehtiva edib. Saat 11:32-də efirə verilən ikinci mesajda “интервент” (müdaxiləçi) sözü yer alıb. Üçüncü şifrəli məlumat isə saat 13:04-də yayımlanıb və burada “горнонаст” sözü işlədilib.
Qeyd edək ki, UVB-76 1976-cı ildən fəaliyyət göstərən qısadalğalı radiostansiyadır. Radiohəvəskarlar arasında əsasən efirdə yayılan fasiləsiz uğultu və xarakterik vızıltıya görə “Vızıldayan radio” (“Жужжалка”) adı ilə tanınır.
Radiostansiyanın efirində əsasən səs-küy və vızıltı eşidilsə də, müəyyən vaxtlarda şifrəli mesajlar da yayımlanır. Sosial şəbəkə istifadəçiləri bu məlumatları dünya hadisələri ilə əlaqələndirsələr də, mesajların əsl mənası və məqsədi ictimaiyyətə məlum deyil.
Daha əvvəl bildirilmişdi ki, “Qiyamət günü radiosu”nda təkcə səsli deyil, ayrıca tezlikdə Morze əlifbası ilə teleqraf ötürmələri də həyata keçirilir.
Nuri
Gundelik.az