Azərbaycan kitab oxuma reytinqində neçənci yerdədir? – Maraqlı statistika
Kitab mütaliəsi ilə bağlı beynəlxalq araşdırmada Azərbaycanın göstəriciləri diqqət çəkib. Ölkəmiz adambaşına il ərzində oxunan kitabların orta sayına görə 102 ölkənin yer aldığı siyahıda 84-cü pillədə göstərilir.
Araşdırmanın məlumatlarına əsasən, Azərbaycanda bir nəfər il ərzində orta hesabla 3,25 kitab oxuyur. Mütaliəyə sərf olunan vaxt isə ildə təxminən 74 saat təşkil edir.
Gundelik.az xəbər verir ki, “World Population Review” platformasında təqdim olunan və CEOWORLD Magazine-in 2024-cü il araşdırmasına əsaslanan məlumatlarda ABŞ kitab oxuma göstəricisinə görə ilk sırada qərarlaşıb. Bu ölkədə adambaşına ildə orta hesabla 17 kitab oxunur. Hindistan 16 kitabla ikinci, Böyük Britaniya isə 15 kitabla üçüncü yerdədir.
İlk beşlikdə Fransa və İtaliya da yer alıb. Rusiyada adambaşına illik orta göstərici 11 kitabdır.
Azərbaycanın qonşuları ilə müqayisədə də fərq nəzərə çarpır. Həmin siyahıda Gürcüstan 4,3 kitab, Ermənistan isə 4,29 kitab göstəricisi ilə ölkəmizdən öndədir.
Azərbaycanda kitabxanalardan istifadə edənlərin sayı nə qədərdir?
Dövlət Statistika Komitəsinin 2026-cı il statistik məcmuəsində yer alan məlumatlara görə, 2025-ci ildə ölkənin kütləvi kitabxanalarında qeydiyyatda olan oxucuların sayı 2 milyon 693 min nəfər olub. Bu göstərici 2024-cü ildə 2 milyon 669 min nəfər təşkil edib.
2025-ci ildə kitabxanalardan oxuculara 24,5 milyon kitab, jurnal və digər nəşr təqdim edilib. 2024-cü ildə isə bu rəqəm 25,6 milyon olub. Bir oxucuya verilən nəşrlərin orta sayı 10-dan 9-a düşüb.
Qeyd edək ki, beynəlxalq reytinqdəki göstəricilər ölkələr üzrə mütaliə vərdişlərinin müqayisəsinə əsaslanır. Kitabxanalarda qeydiyyatda olan oxucuların sayı isə əhalinin ümumi kitab oxuma səviyyəsini tam əks etdirmir. Buna görə bu iki statistikanı eyni göstərici kimi qiymətləndirmək olmaz.
Nuri
Gundelik.az