Azərbaycanda şagirdlərin sayı 20 mindən çox azalıb – Ən böyük geriləmə kənd məktəblərindədir

Azərbaycanda şagirdlərin sayı 20 mindən çox azalıb – Ən böyük geriləmə kənd məktəblərindədir

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayında azalma müşahidə olunur. Son statistik göstəricilər bu azalmanın əsasən kənd məktəblərinin payına düşdüyünü ortaya qoyur.

Gündəlik.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, 2025/2026-cı tədris ilində ölkənin ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı əvvəlki tədris ili ilə müqayisədə 20 min 400 nəfər azalıb.

Statistikaya görə, ötən tədris ilində şəhər məktəblərində 1 milyon 98 min 400 şagird təhsil aldığı halda, 2025/2026-cı tədris ilində bu göstərici 1 milyon 96 min 800 nəfərə düşüb. Beləliklə, şəhər məktəblərində şagirdlərin sayı 1 600 nəfər azalıb.

Kənd məktəblərində isə azalma daha nəzərəçarpandır. Belə ki, 2024/2025-ci tədris ilində kənd məktəblərində 596 min 700 şagird qeydə alındığı halda, ötən tədris ilində bu rəqəm 577 min 900 nəfər təşkil edib. Nəticədə kənd məktəblərində şagirdlərin sayı bir il ərzində 18 min 800 nəfər azalıb.

Rəqəmlər göstərir ki, ölkə üzrə qeydə alınan ümumi azalmanın böyük hissəsi kənd təhsil müəssisələrinin payına düşür. Bu göstərici bölgələrdə əhalinin məskunlaşması, demoqrafik dəyişikliklər və təhsil müəssisələrinin şagird kontingenti ilə bağlı məsələlərə diqqəti artırır.

Beləliklə, yeni statistika Azərbaycanda məktəbli sayının dinamikasında dəyişiklik olduğunu göstərir. Xüsusilə kənd məktəblərində qeydə alınan azalma gələcək təhsil planlaşdırılması baxımından diqqət çəkən göstəricilərdən biridir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.