Atanın pensiyasını almaq üçün illərlə yoxa çıxdığını deyərək cəsədi gizlətdilər

Atanın pensiyasını almaq üçün illərlə yoxa çıxdığını deyərək cəsədi gizlətdilər

ABŞ-də dörd il əvvəl insan başı aşkarlanması ilə bağlı aparılan araşdırma nəticəsində yaşlı kişinin həyat yoldaşı və qızı saxlanılıb.

Gündəlik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Hadisə 2022-ci ilin sentyabrında Kaliforniya ştatında baş verib. Belə ki, iti ilə gəzintiyə çıxan yerli sakin zibil torbasında insan başı aşkar edib. Meyitin vəziyyətinin ciddi şəkildə dəyişməsi səbəbindən hüquq-mühafizə orqanları uzun müddət şəxsin kimliyini müəyyənləşdirə bilməyib.

Yalnız 2024-cü ildə aparılan araşdırmalar nəticəsində qalıqların 73 yaşlı Pol Uesli Fiszmorisə məxsus olduğu müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, mərhum 75 yaşlı həyat yoldaşı Corciya və 45 yaşlı qızı Meri ilə birlikdə yaşayıb. Maraqlıdır ki, ailə üzvlərindən heç biri onun itkin düşməsi ilə bağlı polisə müraciət etməyib.

Araşdırmaya əsasən, ana və qız uzun müddət yaxınlarına və tanışlarına kişinin sağ olduğunu, lakin narkotik asılılığı səbəbindən nadir hallarda evə gəldiyini bildiriblər. Bu müddət ərzində isə onlar onun dövlət qulluqçusu kimi aldığı pensiyanı əldə etməyə davam ediblər.

İstintaqçılar hesab edirlər ki, kişinin ölümündə qızının əli olub, həyat yoldaşı isə meyit qalıqlarının gizlədilməsinə kömək edib.

Hazırda hər iki qadın həbsdədir və məhkəmə qarşısına çıxarılmağı gözləyir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada Kristofer Fillips adlı şəxs anasının ölümünü üç il gizlətməkdə ittiham olunaraq həbs edilib. Onun bu müddət ərzində anasının qalıqlarını soyuducuda saxladığı və bunu maddi maraq səbəbindən etdiyi bildirilir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.