Demokratların qələbəsindən sonra ABŞ-nin iqtisadi siyasətində ciddi dəyişiklik gözləmək olarmı?

Demokratların qələbəsindən sonra ABŞ-nin iqtisadi siyasətində yaxın iki ildə böyük dəyişiklik gözləməyə dəyməz. Çünki prezident yenə də Trampdır və iqtisadi siyasətin bir çox istiqamətində qərar vermək səlahiyyəti onun əlində qalır. Amma əvvəlki vəziyyət də olmayacaq.

Bunu Gundelik.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

"Məsələn, Tramp yeni vergi güzəştləri tətbiq etmək, dövlət xərclərini artırmaq və yaxud böyük iqtisadi proqramlar həyata keçirmək istəsə, demokratların razılığını almalı olacaq. Demokratlar isə onun bu təkliflərinin qarşısını ala biləcəklər.

Əksinə, demokratlar Trampın indiyədək həyata keçirdiyi iqtisadi siyasəti dəyişmək istəsələr, prezident həmin qanunları imzalamaya bilər. Deməli, tərəflər bir-birinin yeni təşəbbüslərini dayandıra bilər, amma öz istədiklərini də asanlıqla həyata keçirə bilməzlər", - o bildirib.

İqtisadçı qeyd edib ki, xarici ticarətdə isə vəziyyət bir qədər fərqlidir: "Trampın başqa ölkələrdən gətirilən mallara əlavə gömrük rüsumları tətbiq etmək üçün geniş səlahiyyətləri qalır. Ona görə də Çin, Avropa və digər ölkələrlə ticarət münasibətlərində əvvəlki siyasətin davam edəcəyi gözlənilir.

Amma dünya iqtisadiyyatı üçün müəyyən dəyişikliklər mümkündür. ABŞ-nin dövlət xərclərinin artması çətinləşə bilər. Bu, ölkənin borcunun daha sürətlə böyüməsinin qarşısını müəyyən qədər ala bilər. Digər tərəfdən, büdcə ilə bağlı razılığın əldə olunmaması dövlət qurumlarının işinə və iqtisadi fəallığa mənfi təsir göstərə bilər.

Neft bazarındakı vəziyyət isə yenə də Yaxın Şərqdəki müharibənin və ABŞ-nin xarici siyasətindən asılı olacaq".

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.