Admiral okeanlarda yadplanetlilərlə bağlı məlumatların gizlədilməsində ABŞ hakimiyyətini ittiham edib

Admiral okeanlarda yadplanetlilərlə bağlı məlumatların gizlədilməsində ABŞ hakimiyyətini ittiham edib

"ABŞ hərbi komandanlığı və hakimiyyət orqanları bu cür müşahidələr barədə məlumatları açıqlamamağa üstünlük verirlər"

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet Amerika hakimiyyətini 80 ildən artıqdır ki, Yer okeanlarında yadplanetlilərin mövcudluğu barədə həqiqətləri vətəndaşlardan gizlətməkdə ittiham edib.

Gundelik.az xəbər verir ki, bu barədə International "Business Times" yazır.

Keçmiş admiral bildirib ki, hərbi dənizçilər dəfələrlə komandanlığa nəinki havada uçan, həm də okeanın dərinliklərinə dalan naməlum obyektlər haqqında məlumat veriblər. Qallodetin sözlərinə görə, bu obyektlər hava mühitindən suya heç bir maneə və gecikmə olmadan keçə biliblər.

Qallodet belə obyektlərin əks olunduğu iki videoya baxdığını söyləyib. Onlardan birində obyekt suya o qədər rəvan daxil olub ki, hətta su sıçrantısı belə yaranmayıb. Admiralın sözlərinə görə, digər videoda isə inanılmaz sürətlə suyun altında hərəkət edən, daha sonra okean səthinin üzərində dayanaraq yenidən səmaya qalxan obyekt qeydə alınıb.

Qallodet qeyd edib ki, ABŞ hərbi komandanlığı və hakimiyyət orqanları bu cür müşahidələr barədə məlumatları açıqlamamağa üstünlük verirlər.

İstefada olan hərbçi sualtı naməlum obyektlərin mövcudluğunun mümkün olduğunu da bildirib. Onun fikrincə, okean yadplanetlilərin gizlənməsi üçün ən əlverişli yerdir.

"Biz dronlar, şamandıralar və ya sualtı qurğular vasitəsilə okeanın yalnız təxminən 10 faizini araşdırmışıq. Deməli, orada hələ çoxlu sirr var", - deyə Qallodet bildirib.

Daha əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş yadplanetlilərin okeanda nəhəng sualtı baza inşa etdiyini iddia etmişdi. Onun sözlərinə görə, bazanın ölçüsü bir neçə şəhər məhəlləsinin sahəsi ilə müqayisə edilə bilər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.