Trampın Hindistana qarşı tarif qərarı iqtisadi itkilərə səbəb olacaq.
Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-nin Prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara tətbiq etdiyi əlavə rüsumlar bu ölkənin ümumi daxili məhsuluna (ÜDM) 1% azalma ilə təsir edə bilər.
Yeni tariflər xüsusilə Hindistanın qiymətli daş-qaş və zərgərlik, tekstil və ayaqqabı sənayelərinə mənfi təsir edəcək. Mütəxəssislər bu sahələrdə fəaliyyət göstərən bir çox şirkətin bağlana biləcəyini bildirirlər. ABŞ-nin bu qərarı Hindistanı yeni ixrac bazarları axtarmağa vadar edir.
“Citigroup”un analitiki Samiran Çakrabortinin sözlərinə görə, artan rüsumlar ixracı “iqtisadi cəhətdən yararsız” hala gətirəcək.
Avqustun 6-da Tramp Hindistandan gələn mallara əlavə 25% rüsum tətbiq edən sərəncam imzalayıb. Beləliklə, bəzi məhsullar üzrə ümumi tarif dərəcəsi 50%-ə yüksəlib. Tramp bu addımı Hindistanın Rusiya neftini alaraq, Ukrayna ilə münaqişədə dolayısı ilə Rusiyanı maliyyələşdirməsi ilə izah edib.
Buna baxmayaraq, Hindistan Rusiyadan neft idxalını davam etdirmək niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ABŞ-nin digər ölkələri Rusiya ilə ticarət əlaqələrini kəsməyə məcbur etməsi qanunsuzdur, çünki hər bir suveren dövlət kimlə əməkdaşlıq edəcəyini özü müəyyən edir.
Daha əvvəl Rusiya Federasiya Şurası bu vəziyyəti Hindistanın “suverenlik sınağı” adlandırmışdı.
Gundelik.az

