ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ onun rəhbərliyi dövründə tətbiq edilən idxal rüsumları nəticəsində dünyanın ən zəngin ölkəsinə çevrilib.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Şarm əl-Şeyxdən Vaşinqtona səfəri zamanı açıqlama verib. O bildirib ki, amerikalılar hazırda “yüz milyardlarla dollar qazanırlar”. Tramp əlavə edib ki, Misirdə nümayəndələri ilə görüşdüyü bəzi ölkələr daha yüksək tariflər ödəməyə məcbur olsalar da, kifayət qədər zəngin olduqları üçün bu yükün öhdəsindən gələ bilirlər.
Dövlət başçısı daha əvvəl bildirmişdi ki, ABŞ idxal tariflərindən illik bir trilyon dollardan çox gəlir əldə edəcək. Onun sözlərinə görə, bu tədbirlər artıq öz bəhrəsini verməyə başlayıb və hazırda əldə olunan gəlir 200 milyard dollardan çoxdur.
Xatırladaq ki, Ağ Ev bu ilin aprel ayından etibarən daha yüksək idxal tarifləri tətbiq edib. Bu addımların əsas hədəfinin Çinlə ticarət qarşıdurması olduğu güman edilir. Tramp son çıxışlarında Çin mallarına qarşı rüsumların daha da artırılacağından danışıb. Bununla yanaşı, administrasiya Pekinlə ticarət münasibətlərində gərginliyin azaldılması üçün dialoq imkanlarını da açıq saxlayır.
Gundelik.az

