160 il əvvəl, 14 aprel 1865-ci ildə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Abraham Linkoln güllələndi. O, qatilin hədəfinə çevriləcək ilk lider olsa da, lakin sonuncusu deyildi.
Gundelik.az ABŞ-nin qətlə yetirilən sabiq prezidentləri barədə qısa araşdırma aparıb.
Həmin araşdırmanı təqdim edirik:
Amerika Vətəndaş Müharibəsində ( 1861-1865 ) həlledici rol oynayan, demokratiyanı ən yaxşı idarəetmə forması kimi görən və köləlik kimi sinfi fərqlərə qarşı çıxan A. Linkoln 1861-1865
-ci illər arasında İllinoys ştatından Respublikaçılar Partiyasının tərkibində seçilib və ABŞ-nin 16-cı prezidenti olub. Dövlətin birliyinin qorunub saxlanmalı olduğu çətin müharibə dövründə çox riskli qərarlar verib. O, bir çox sosial tənzimləmələr vasitəsilə insan hüquqlarının inkişafına və bərabərliyinə böyük töhfə verib. Kasıb və təhsilsiz ailədən olmasına baxmayaraq, o, prezidentliyə qədər yüksəlməyi bacarıb.
Linkolnun andiçmə mərasimi Amerika Konfederativ Dövlətlərinin yaradılması prosesini, daha sonra Şimalla Cənub arasında müharibəni başlatdı. Bu müharibələrin fonunda prezident deyir: “Bir qul azad etmədən birliyi xilas edə bilsəydim, bunu edərdim”.
Onun ölümü ilə Amerikada toxunulmazların olmadığını, hətta prezidentlərin də ölümlə üzləşdiyi məsələsi aydınlaşdı.
1865-ci il aprelin 14-də Linkoln “Amerikalı qohumumuz” tamaşasına baxmaq üçün Vaşinqtondakı Ford Teatrına gəlir. Konfederasiya rəğbəti olan aktyor Con Vilks But təkcə prezidenti deyil, həm də vitse-prezident və dövlət katibini öldürməyi planlaşdıran sui-qəsdçilər arasında idi. But asanlıqla prezidentin də iştirak etdiyi teatra daxil ola bilir. Onun insanlar arasında atəş açması tamaşaçıların gülüşünə səbəb olur və buna görə də nə baş verdiyini anlamaq bir qədər vaxt aparır. Məlum olur ki, o an Butun hədəfi Linkoln imiş. Nəticədə, silahdan atılan güllə prezidenti başından yaralayır və səhəri gün ölür.
But o hadisədən sonra bir müddət gizlənməyi bacarır, lakin aprelin 26-da Virciniyada saxlanılır. İyulun 7-də daha dörd sui-qəsdçi saxlanılır və edama məhkum edilir. Onlar tarixin axınını çevirə bilmədilər — Linkolnun ölümü Konfederasiyanı həyata qaytarmadı. Amma bu hadisə ABŞ hakimiyyətini dövlət başçısının daha ehtiyatla müdafiə olunmalı olduğu barədə düşündürür.
Ölümə uzadılmış əl
Amerika Birləşmiş Ştatlarının 25-ci Prezidenti Vilyam Mak-Kinli 18 yaşı olarkən Vətəndaş Müharibəsinə qoşulmuş və savaşı mayor rütbəsi ilə başa vurmuşdur. Linkoln kimi, Mak-Kinli də iki dəfə prezident seçilib və ikinci prezidentliyi müddətində öldürülüb.
Onun hakimiyyəti ABŞ-də imperializmin çiçəklənməsi dövrü hesab olunur. 1898-ci ildə ABŞ İspaniya ilə hərbi münaqişədə qalib gəldi, bu da onlara Kuba, Puerto-Riko və Filippin üzərində nəzarəti təmin etdi. Mak-Kinlinin xarici siyasət və iqtisadiyyatdakı uğurları onu çox məşhurlaşdırıb. Amma onuj idarəçiliyindən narazı olanlar da az deyildi. Onların arasında 28 yaşlı Miçiqan əsilli Leon Frank Czolqoş da var idi.
5 sentyabr 1901-ci ildə Mak-Kinli və həyat yoldaşı Pan-Amerika sərgisində iştirak etmək üçün Buffaloya gəlir. Tədbirin cədvəli öncədən dərc olunduğundan Çzolqoş planını həyata keçirmək üçün əlverişli yer və vaxt seçməkdə çətinlik çəkmir. Sentyabrın 6-da Mak-Kinli Musiqi Məbədi Pavilyonunda keçirilən qəbulda iştirak edir. Prezidentin ətrafına toplaşan izdiham onun əlini sıxmaq istəyir. Mak-Kinli heç kimin əlini sıxmaqdan imtina etmir. Təxminən 10 dəqiqə sonra Çzolqoş sarğılı əli ilə ona yaxınlaşır. Əlimk prezidentə uzadan zaman iki atəş səsi eşidildi. Məlum olur ki, qatil silahı qolundakı sarğıda gizlədibmiş. Onun açdığı iki güllədən biri prezidentin mədəsinə dəyir və həyati orqanlarını zədələyir. Həkimlərin bqtün səylərinə baxmayaraq, prezidentin həyatını xilas etmək mümkün olmur və o, sentyabrın 14-də vəfat edir.
Prezidentin ölümündən 9 gün sonda qatilin məhkəməsi başlayır və o, ölüm hökmünə məhkum edilir.
Həyat yoldaşının gözü qarşısında öldürüldü
ABŞ-nin 35-ci prezidenti Con Kennedi, Linkoln və Mak-Kinlidən fərqli olaraq, ikinci müddətə yenidən seçilə bilmədi. 22 noyabr 1963-cü ildə o, 1964-cü il seçkilərinə hazırlıq kampaniyasının bir hissəsi kimi Dallasa gəlir.
Saat 11:40-da prezidentin təyyarəsi hava limanına gəlir, 10 dəqiqə sonra kortej şəhərə yola düşür. Kennedi və həyat yoldaşı açıq limuzində hərəkətdə olarkən onları Texas qubernatoru Con Konnali və həyat yoldaşı, həmçinin iki məxfi xidmət agenti müşaiyət edir. Limuzin məktəb kitab saxlancının yanından keçdikdən sonra saat 12:30-da atışma səsləri eşidilir.
Rəsmi versiyaya görə, ilk güllə Kennedinin kürəyinə dəyir. Həmçinin güllə onun qarşısında oturan Konnalini yaralayır. İkinci güllə Kennedinin başına tuş gəlir.
Hadisə şahidlərindən birinin ifadəsinə görə, o, kitab saxlancının 6-cı mərtəbəsinin pəncərəsindən bir nəfərin atəş açdığını görüb. Orada teleskopik nişangahı olan bir karabin tüfəngi tapılır. Məlum olur ki, anbar işçisi Li Harvi Osvald atəş açılandan dərhal sonra binanı tərk edib. O, 1 saat 20 dəqiqədən sonra kinoteatrda həbs edilir. Həmin gecə o, qətldə ittiham olunsa da, saxlanılan şəxs günahını inkar edir.
Noyabrın 24-də Osvald polis müşayiəti ilə polis bölməsindən çıxarkən gecə klubunun sahibi Cek Rubi tərəfindən güllələnərək öldürülür. Beləliklə, prezidentin qatili heç nə deməyə imkan tapmadan öldürülür. Cek Rubinin özü də edam cəzasına məhkum edilir. Lakin o, heç vaxt edamını görə bilmir. Çünki o, 3 yanvar 1967-ci ildə ağciyər embolisindən ölür.
İnfeksiya işini bitirdi
ABŞ-nin 20-ci prezidenti Ceyms Qarfild çılğın bir vəkilin və pis müalicənin qurbanı oldu.
1880-ci il seçkilərində qalib gələn Qarfild 1881-ci il iyulun 2-də Vaşinqtonda qatar stansiyasında kürəyindən güllələnir: “Allahım! Bu nədir?” – yaralı prezident qışqırır.
Güllə dərinə getməsə də, həkimlərin onu çıxarmaq cəhdləri qara ciyərin zədələnməsinə və infeksiya keçməsinə səbəb olur. Uğursuz və səriştəsiz müalicə sui-qəsddən 2 ay sonra 1881-ci il sentyabrın 19-da Ceyms Qarfildin ürək dayanması nəticəsində vəfat etməsi ilə nəticələnir.
Sonradan aparılan araşdırmalar zamanı qatilin vəkil Çarlz Gito olduğu üzə çıxır. O hesab edirmiş ki, Qarfildin seçki kampaniyasında fəal iştirak edib, bunun üçün Avropa ölkələrindən birində konsul vəzifəsini tuta bilər.
30 iyun 1882-ci ildə qatil edam edilir.
Gundelik.az

