Gundelik.az Xəbərlər İqtisadiyyat Qlobal bazarlarda qarışıq tendensiya davam edir
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlarda qarışıq tendensiya davam edir

ABŞ-də tariflərin inflyasiya üzərində yaratdığı təsirlər və əmək bazarında zəifləmənin əlamətləri fonunda qlobal bazarlarda qarışıq hərəkət müşahidə olunur.

Gundelik.az xəbər verir ki, ölkədə açıq iş yerlərinin sayı iyulda bazar gözləntilərinin altında, 7,181 milyonla ölçülüb ki, bu da 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyədir. Analitiklər bu məlumatları əmək bazarının zəifləməsinə işarə kimi qiymətləndirir və faiz endirimləri gözləntilərini dəstəkləyir.

FED-in “Bej Kitab” hesabatında ölkədə iqtisadi fəallığın “az və ya heç bir dəyişiklik” göstərildiyi qeyd olunub. Pul siyasətinə dair açıqlamalarda Fed rəsmiləri balanslı yanaşmanın vacibliyini vurğulayır, faiz dərəcələrinin iqtisadi şərtlərə uyğun olduğunu bildirir. Atlanta Fed prezidenti Raphael Bostic və Minneapolis Fed sədri Neel Kashkari isə faiz endirimlərinin tədrici olacağını qeyd ediblər.

Qızılın qiyməti dünən 3,578,54 dollarla rekord səviyyəyə çatdıqdan sonra bu gün 3,531 dollara düşüb. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 4,22%-ə qədər azalaraq aşağı düşüb, dollar indeksi 0,1% artaraq 98,2 səviyyəsindədir. Brent markalı neftin bir bareli isə 67 dollara satılır. ABŞ-da S&P 500 və Nasdaq indeksləri bahalaşsa da, Dow Jones azalıb.

Avropa bazarlarında müsbət tendensiya davam edir. Avrozonada istehsalçı qiymətləri iyulda aylıq 0,4%, illik isə 0,2% artıb. Bölgədə FTSE 100 indeksi 0,67%, CAC 40 0,86%, DAX 40 isə 0,46% artıb.

Asiyada isə qarışıq tendensiya müşahidə olunur. Yaponiyada Nikkei 225 indeksi 1,6% düşüb, Cənubi Koreyada Kospi 0,1% artıb, Çində Şanxay Kompozit indeksi 1,6%, Honq Konqda Hang Seng indeksi 1,2% geriləyib. Çin bazarında BYD şirkətinin satış hədəfini 16% endirməsi investor marağını azaldıb.

Daxili bazarlarda isə İstanbul Borsası (BIST 100) indeksi 1,29% azalaraq 10 737,68 bəndlə bağlanıb. Avqust ayında istehlak qiymətləri indeksi aylıq 2,04%, yerli istehsalçı qiymətləri indeksi isə 2,48% artıb. USD/TRY bu gün 41,1630 səviyyəsində ticarət olunur. Analitiklər texniki baxımdan 10,700 və 10,600 səviyyələrini dəstək, 11,800 və 11,900 səviyyələrini isə müqavimət səviyyəsi kimi qiymətləndirirlər.

Gundelik.az 

Exit mobile version