İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

Müasir müharibələr: qalib yoxdur, yalnız fərqli itkilər var

Müasir dövrdə baş verən münaqişələr artıq klassik “qalib–məğlub” çərçivəsindən çıxaraq daha mürəkkəb və çoxölçülü xarakter alıb. Xüsusilə Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik fonunda geosiyasi balans, texnoloji üstünlük və informasiya müharibələri nəticələrin formalaşmasında həlledici rol oynayır. Bu reallıqlar fonunda müasir müharibələrin mahiyyəti və mümkün nəticələri ilə bağlı sualları Gundelik.az xəbər portalı AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramova ünvanlayıb.

Sizcə, bu müharibə klassik “qalib–məğlub” modeli ilə nəticələnəcək, yoxsa XXI əsrin müharibələrinə xas fərqli bir ssenari gözlənilir?

– Hazırkı müharibə dinamikası göstərir ki, klassik “qalib–məğlub” modeli bu konfliktə tam uyğun gəlmir. XXI əsrin müharibələri daha çox çoxölçülü xarakter daşıyır — burada hərbi əməliyyatlarla yanaşı informasiya, texnologiya və diplomatik müstəvilər paralel şəkildə fəaliyyət göstərir. Bu isə tərəflərin “tam qələbə” əldə etməsini çətinləşdirir. Ukrayna və Rusiya nümunəsində də görürük ki, hər iki tərəf ciddi iqtisadi, hərbi və humanitar itkilərlə üzləşib. Bu vəziyyət daha çox “hamı itirir, amma fərqli səviyyədə” ssenarisini xatırladır.

Bu tendensiya Yaxın Şərqdə baş verən qarşıdurmalarda da özünü göstərirmi?

– Yaxın Şərqdəki qarşıdurmalar da eyni modeli təsdiqləyir. ABŞ, İsrail və İran arasında gedən proseslərdə aydın “qalib–məğlub” xətti formalaşmır. Əksinə, tərəflər öz strateji maraqlarını qorumağa çalışır, müəyyən məhdudiyyətlər daxilində hərəkət edir və bir-birini balanslaşdırır. Bununla yanaşı, humanitar və iqtisadi zərərlər qaçılmaz olur. Bu da onu göstərir ki, müasir müharibələrdə əsas məqsəd tam qələbə deyil, itkilərin idarə olunması, mövqelərin qorunması və regional balansın saxlanılmasıdır.

Ziyalə Əhmədli 

Gundelik.az