Yaxın Şərqdə davam edən geosiyasi gərginlik, xüsusilə İran–İsrail qarşıdurması və ABŞ–İran münasibətlərindəki ziddiyyətlər region ölkələrinin xarici siyasət kursunu yenidən aktuallaşdırır. Bu mürəkkəb və həssas şəraitdə Azərbaycanın tutduğu mövqe həm ekspertlər, həm də ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Gundelik.az xəbər portalının suallarını cavablandıran politoloq Rəşad Bayramov Azərbaycanın mövcud geosiyasi balans siyasətini, regionda təhlükəsizlik məsələlərinə yanaşmasını və yeni təhlükəsizlik arxitekturasında oynaya biləcəyi rolu geniş şəkildə şərh edib.
İran–İsrail qarşıdurması fonunda Azərbaycanın mövqeyini necə qiymətləndirmək olar? Bu, daha çox geosiyasi balans siyasətidirmi?
– Azərbaycanın hazırkı mövqeyi əsasən geosiyasi balans siyasəti kimi qiymətləndirilə bilər. Ölkə üçün prioritet hər hansı tərəfə qarşı açıq mövqe tutmaq deyil, regionda sabitliyi qorumaq və milli təhlükəsizliyini təmin etməkdir. Bu yanaşma Azərbaycanın uzun illərdir həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun davamıdır.
Bu balans siyasətinin konkret təzahürləri nələrdir?
– Əsas məqamlardan biri Azərbaycanın neytral mövqeyini qorumasıdır. Ölkə öz ərazisinin üçüncü tərəflərin hərbi əməliyyatları üçün istifadə olunmasına imkan vermir. Eyni zamanda münaqişənin eskalasiyasına səbəb ola biləcək addımlardan uzaq durur. Bu, həm beynəlxalq hüquqa hörmətin, həm də məsuliyyətli dövlət davranışının göstəricisidir.
Azərbaycanın bu mövqeyini “passiv neytrallıq” kimi qiymətləndirmək olarmı?
– Xeyr, bunu passiv neytrallıq kimi dəyərləndirmək doğru olmaz. Azərbaycan aktiv diplomatiya yürüdür, regional və beynəlxalq tərəfdaşlarla əlaqələri davam etdirir. Eyni zamanda humanitar təşəbbüslərlə çıxış edərək münaqişənin mümkün mənfi təsirlərini azaltmağa çalışır.
Bu siyasətin regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təsiri varmı?
– Bəli, müəyyən mənada təsiri var. Azərbaycanın sərhəd təhlükəsizliyini gücləndirməsi, humanitar yardımları davam etdirməsi və diplomatik kanalları açıq saxlaması regionda yeni təhlükəsizlik mexanizmlərinin formalaşmasına töhfə verir. Bu isə daha sabit və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin yaranmasına zəmin yaradır.
Bu kontekstdə Azərbaycanın strateji məqsədi nədir?
– Azərbaycanın əsas strateji məqsədi münaqişələrin təsirini minimuma endirmək, regional sabitliyi qorumaq və milli təhlükəsizliyini təmin etməkdir. Bunun üçün ölkə həm balans siyasətini davam etdirir, həm də yeni təhlükəsizlik platformalarının formalaşmasında aktiv rol oynamağa çalışır.
Ümumilikdə, Azərbaycanın mövqeyini necə xarakterizə edərdiniz?
– Ümumilikdə, Azərbaycanın mövqeyi geosiyasi balans və strateji çevikliyin vəhdətidir. Bu, təkcə neytral qalmaq deyil, eyni zamanda aktiv diplomatiya və praqmatik siyasət vasitəsilə regionda sabitliyə töhfə verməkdir. Belə yanaşma Azərbaycanı etibarlı tərəfdaş və məsuliyyətli regional aktor kimi ön plana çıxarır.
Gundelik.az
