Qlobal siyasətin ən həssas xəttlərindən biri olan ABŞ–İran münasibətləri yenidən təhlükəli mərhələyə daxil olub. Son hərbi toqquşmalar, ardınca elan edilən müvəqqəti atəşkəs və paralel gedən diplomatik təşəbbüslər regionda mürəkkəb və çoxqatlı bir mənzərə formalaşdırır. Bu vəziyyət artıq təkcə iki ölkə arasındakı münasibətlər çərçivəsini aşaraq, Yaxın Şərqdə və daha geniş geosiyasi məkanda güc balansına təsir edən əsas faktorlardan birinə çevrilib.
Gundelik.az mövcud vəziyyəti təhlil etmək üçün AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov ilə həmsöhbət olub.
ABŞ və İran arasında hazırkı gərginliyi necə xarakterizə edərdiniz?
– ABŞ və İran arasında davam edən gərginlik artıq təkcə ikitərəfli münasibətlərin çərçivəsini aşaraq, çoxqatlı regional və qlobal qarşıdurma dinamikasına çevrilib. Son 40 günlük hərbi toqquşmalardan sonra elan olunan iki həftəlik atəşkəs isə bu mürəkkəb vəziyyətdə yalnız müvəqqəti “gərginliyin dondurulması” funksiyasını daşıyır. Atəşkəsin müddətinin bitməyə yaxın olması fonunda həm diplomatik, həm də hərbi səviyyədə qeyri-müəyyənlik artır.
Hazırda tərəflər hansı strategiyaya üstünlük verir?
– Belə vəziyyətdə tərəflər açıq qarşıdurmaya qayıtma riskini nəzərə alaraq daha çox “idarə olunan gərginlik” modelinə üstünlük verməyə çalışırlar. Uzun sürən tərəddüdlərdən sonra ABŞ və İran rəsmilərinin yenidən İslamabadda görüşə razılıq verməsi də məhz bu gərginliyi uzatmaq və tam kollapsın qarşısını almaq məqsədi daşıyır. Lakin bu görüşdən ciddi strateji dönüş gözləmək real deyil.
Əsas ziddiyyətlər nələrdir?
– ABŞ və İran arasındakı əsas ziddiyyətlər illər ərzində dərinləşmiş struktur problemlərdir. Bunlara nüvə proqramı, regional nüfuz uğrunda rəqabət, proksi qüvvələr məsələsi, sanksiya siyasəti və qarşılıqlı etimadsızlıq daxildir.
İran daxilindəki siyasi struktur bu prosesə necə təsir edir?
– Bu kontekstdə İran daxilində vahid idarəetmənin olmaması danışıqları daha da mürəkkəbləşdirir. Formal dövlət institutları ilə paralel güc mərkəzləri arasında balansın dəyişkənliyi xarici siyasətdə də ikili mesajların yaranmasına səbəb olur. Xüsusilə SEPAH-ın təsiri həlledici rol oynayır. Bu qurum təkcə hərbi deyil, həm də iqtisadi və siyasi güc mərkəzi kimi çıxış edir və çox vaxt kompromisdən çox sərt xətti üstün tutur.
Regionda digər aktorların, xüsusilə İsrailin rolu nədir?
– Digər mühüm faktor isə İsrailin mövqeyidir. İsrail ABŞ–İran danışıqlarına ən skeptik yanaşan tərəflərdən biridir. İranın nüvə və regional hərbi gücünün artmasını ekzistensial təhlükə kimi qiymətləndirir və istənilən yumşalma prosesini riskli hesab edir. Bu da ABŞ-ın manevr imkanlarını müəyyən qədər məhdudlaşdırır.
Mövcud şəraitdə ən real ssenari hansıdır?
– Bu mürəkkəb konfiqurasiyada atəşkəsin uzadılması ən real ssenari kimi görünür. Çünki nə ABŞ, nə də İran genişmiqyaslı müharibənin iqtisadi və siyasi xərclərini tam şəkildə daşımağa hazır deyil. ABŞ üçün bu, yeni hərbi öhdəliklər və daxili təzyiqlər deməkdir. İran üçün isə ciddi itkilər, infrastrukturun dağılması və daxili sabitliyin risk altına düşməsi anlamına gəlir.
Gərginliyin yenidən artmasına səbəb ola biləcək amillər nələrdir?
– Vəziyyət son dərəcə kövrəkdir. Hörmüz boğazında mümkün insident, SEPAH daxilində sərt xəttin güclənməsi və ya İsrail–İran gərginliyinin kəskinləşməsi domino effekti yarada bilər. Belə hallarda lokal eskalasiya sürətlə regional qarşıdurmaya çevrilə bilər.
Çıxış yolu kimi hansı model daha real görünür?
– Məncə, tərəflər uzunmüddətli, mərhələli diplomatik prosesə başlamalıdırlar. Atəşkəs uzadılmalı, paralel olaraq texniki və siyasi danışıqlar aparılmalı, tədricən etimad mexanizmləri formalaşdırılmalıdır. Lakin bunun üçün həm İran daxilində daha koordinasiyalı qərarvermə, həm də ABŞ və müttəfiqləri arasında vahid yanaşma vacibdir.
Ümumi qiymətləndirməniz necədir?
– Hazırkı mərhələni dönüş nöqtəsi kimi deyil, strateji qeyri-müəyyənlik mərhələsi kimi qiymətləndirmək daha doğrudur. Diplomatiya və hərbi eskalasiya eyni anda gündəmdə qalır. Yekun istiqaməti isə böyük razılaşmalardan çox, kiçik hadisələrin yaratdığı zəncirvari reaksiyalar müəyyən edəcək.
