Oktyabr 17, 2026
Baku
Siyasət Xəbərlər

“Füzulinin azad olunması hərbi nöqteyi-nəzərdən yüksək peşəkarlıq tələb edirdi” – Millət vəkili

17 Oktyabr Füzuli Şəhəri Günüdür. Altı il əvvəl – 2020-ci ilin məhz bu günündə Füzuli şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hərbi-siyasi hadisələrindən biri idi. Qarabağın qədim yaşayış məskənlərindən olan Füzuli zəngin tarixi, əlverişli coğrafi mövqeyi və mədəni irsi ilə seçilir. Bu ərazi əsrlər boyu Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini yaşadıb.

1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində minlərlə insan doğma yurdundan didərgin düşdü, yaşayış məntəqələri və tarixi abidələr dağıntılara məruz qaldı. Lakin Azərbaycan xalqı heç vaxt doğma torpaqlarına qayıtmaq ümidini itirmədi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə Füzuli rayonunun 21 kəndi, eləcə də strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi işğaldan azad olundu. Daha sonra Horadiz qəsəbəsi şəhər statusu aldı.

2020-ci il oktyabrın 17-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır əməliyyatlarından idi. Uzun illər ərzində qurulmuş çoxsaylı müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun yüksək peşəkarlığını, döyüş hazırlığını və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu qələbə sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsinə mühüm strateji imkanlar yaratdı. Çünki Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edilmişdi. Müzəffər Ali Baş Komandan

İlham Əliyevin də bəyan etdiyi kimi, “30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Beləliklə, Füzulidə yeni inkişaf mərhələsi başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, müasir enerji infrastrukturu, yaşayış kompleksləri və sosial obyektlər bölgənin yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Cəmi 8 aya inşa edilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın dünyaya açılan hava qapısı olmaqla regionun beynəlxalq nəqliyyat-logistika sisteminə inteqrasiyasında, iqtisadi və turizm potensialının inkişafında mühüm strateji rol oynayır. Prezident İlham Əliyevin Füzuli sakinləri ilə görüş zamanı söylədiyi kimi, “Füzulidə birinci şəhərsalma layihəsi icra edildi. Burada şəhər tamamilə yenidən qurulur”.

Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı isə onun müasir, rahat və dayanıqlı şəhər kimi formalaşdırılmasını nəzərdə tutur. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması Füzulinin dirçəlişinin ən mühüm göstəricisidir. 2023-cü ilin avqustundan başlanan köç prosesi nəticəsində 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb.

Burada Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın dəstəyi ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əyani ifadəsidir.Bununla yanaşı, Füzulinin bərpası qarşısında ciddi çağırışlar da mövcuddur. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, yüz mindən çox mina basdırılıb. Ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsi insanların təhlükəsiz qayıdışına və quruculuq prosesinə mane olur. Bu problemin aradan qaldırılması, tarixi-mədəni irsin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli Şəhəri Günü elan edilməsi tarixi Qələbənin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın da söylədiyi kimi, Füzuli sakinləri öz tarixi torpaqlarında əbədi yaşayacaq.

Nigar Məmmədova
Milli Məcilisin deputatı
Gundelik.az