Almaniyada əvvəlcə vəhşi qabanın hücumuna məruz qaldığı düşünülən qadının məhkəmə-tibbi ekspertizasından sonra qətl qurbanı olduğu üzə çıxıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Need to Know” nəşri məlumat yayıb.
40 yaşlı Dina Gertnerin meyiti oktyabrın 7-də səhər saat 08:30 radələrində Almaniyanın Saksoniya-Anhalt federal torpağında, Braunşbedra kommunasında yerləşən Runştedt gölünün yaxınlığındakı asfalt örtüklü velosiped yolunda aşkarlanıb. Meyiti ərazidən qaçaraq keçən idmançı tapıb. Hadisə yerindən bir qədər aralıda isə velosiped aşkarlanıb.
İlkin mərhələdə hadisənin bədbəxt hadisə olduğu ehtimal edilib. Buna səbəb ərazidə vəhşi qabanın izlərinin aşkar olunması olub.
Lakin sonradan aparılan ekspertiza zamanı yıxılma nəticəsində yarana bilməyəcək xəsarətlər müəyyən edilib. Bundan sonra polis hadisənin qətl ola biləcəyi versiyası üzərində işləməyə başlayıb.
Kriminalistlər araşdırmaya cəlb olunub, hadisə yerindən toplanan sübutlar isə analiz üçün göndərilib.
Polis şahidlərin axtarışını davam etdirir. Hüquq-mühafizə orqanları oktyabrın 7-də gecə saat 00:00-dan səhər 08:30-dək parlaq sarı gödəkçədə velosiped sürən qadını görən şəxslərin məlumat verməsini xahiş edib.
Xatırladaq ki, daha əvvəl Cənubi Afrika Respublikasındakı Krüger Milli Parkında fil sürüsünün tapdalayaraq öldürdüyü ehtimal edilən brakonyerin qalıqlarının aşkarlandığı bildirilmişdi.
Nuri
Gundelik.az
