ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, süni intellektin köməyi ilə nüvə sintezi reaksiyalarından əldə olunan enerji yaxın 5 il ərzində istifadəyə yararlı olacaq. Onun sözlərinə görə, bu texnologiya 8–15 il ərzində qlobal elektrik şəbəkələrinə inteqrasiya ediləcək.
Bu barədə Gundelik.az BBC-yə istinadən xəbər verir.
“ABŞ-də milli laboratoriyalar və özəl şirkətlərdə aparılan araşdırmalar, eləcə də süni intellektin imkanları sayəsində biz qarşıdakı beş ildə füzyon enerjisindən istifadə üçün bir çox üsul hazırlayacağıq”, – deyə Rayt BBC-yə açıqlamasında qeyd edib. Nazir nüvə sintezinin istixana qazı emissiyalarının azaldılmasında mühüm rol oynayacağını da vurğulayıb.
Rayt həmçinin Avropanın bərpa olunan enerji texnologiyalarında Çindən ciddi asılı vəziyyətə düşdüyünü diqqətə çatdırıb: “Çin elə bir mövqeyə gəlir ki, Avropanın enerji sistemində baş verənlərə nəzarət edə bilər”.
Nazir iqlim dəyişikliyi ilə bağlı bəzi xəbərdarlıqların reallığı əks etdirmədiyini də bildirib. O, Energetika Nazirliyinin iyul ayında dərc etdiyi və “iqlim dəyişikliyinin təsirlərinin şişirdildiyini” qeyd edən hesabatı dəstəklədiyini açıqlayıb. Hesabatda dəniz səviyyəsinin sürətlə qalxmadığı, iqlim modellərinin temperatur artımlarını olduğundan çox göstərdiyi və iqlim dəyişikliyinin bəzi hallarda bitkilərin inkişafına müsbət təsir etdiyi vurğulanıb.
Qeyd edək ki, nüvə sintezi – iki yüngül atom nüvəsinin birləşərək daha ağır nüvəyə çevrilməsi və bu proses zamanı böyük enerji ayrılması deməkdir. Günəş və ulduzların enerji mənbəyi olan bu proses, təhlükəsiz tətbiq edildikdə, demək olar ki, tükənməyən və aşağı karbonlu enerji təmin edə bilər. Lakin alimlər hesab edirlər ki, qlobal miqyasda füzyon elektrik stansiyalarının qurulması hələ uzun illər tələb edəcək, çünki bunun üçün atomların günəşdən daha yüksək temperatura çatdırılması və mürəkkəb texnologiyaların inkişafı zəruridir.
Gundelik.az

