Daşqınlardan əziyyət çəkən Nepala Dünya Bankı (DB) tərəfindən fövqəladə yardım çərçivəsində təqribən 25 milyard rupi (163 milyon ABŞ dollarından çox) maliyyə vəsaiti ayrılacaq.
Gundelik.az-ın xəbərinə görə, “The Himalayan Times” nəşrinin yaydığı məlumata əsasən, bu qərar barədə DB-nin Nepal üzrə nümayəndəsi Devid Sislen ölkənin maliyyə naziri Svarnim Vaqleyə məlumat verib.
Nepal Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Çin, Hindistan və DB dövlətə maliyyə dəstəyinin əlaqələndirilməsinə dərhal start veriblər. Fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Hindistan tərəfindən artıq çadır, yorğan, dərman preparatları və gigiyenik vasitələrdən ibarət 10 tonluq ilkin tələbat yükləri göndərilib. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də bölgəyə tibbi ləvazimatlar və çadırlar tədarük edilib.
Ən son statistik məlumatlara əsasən, təbii fəlakət nəticəsində 175 nəfər həyatını itirib. Aralarında 470-dən çox xarici vətəndaşın da olduğu 800-dən çox insan itkin düşmüş hesab olunur.
İlkin qiymətləndirmələrə görə, daşqın nəticəsində 9 su elektrik stansiyası, 19 avtomobil körpüsü və onlarla kommersiya bankı filialı tamamilə dağılaraq yararsız hala düşüb.
