Yaponiyanın hüquq sistemi tipik Şərq ölkəsi kimi Yaponiya cəmiyyətinin tarixən formalaşmış milli ənənələr, adət hüquq normaları və müasir dünyanın, xüsusilə də Qərbin innovativ hüquqi dəyərlər sisteminin məcmusu kimi çıxış edir.
Yaponiyanın hüquq sisteminin təbiətindən danışarkən və bu ölkənin milli hüquq sisteminin xüsusiyyətlərini təhlil edərkən ilk növbədə, bir sıra xarici dövlətlərin qanunvericilik normalarının Yaponiyanın qanunlarının inkişafına və təbiətinə əhəmiyyətli təsir göstərdiyinə görə, onlardan bəzilərinə diqqəti cəlb etmək faydalıdır.
Hitotsubaşı Universitetinin Hüquq Fakültəsinin professoru Şusei Ononun da qeyd etdiyi kimi, Yaponiyanın hüquq sisteminin təbiətinə ən çox təsir edən xarici hüquq sistemləri əsasən alman, fransız və ingilis hüququ olmuşdur. Təəccüblü deyildir ki, onlar həm də, bu gün müqayisəli tədqiqatın əsas obyektləridir. Bu hüquq sistemləri eyni zamanda, müasir dünyanın ən böyük hüquq ailələridir. Dünyada bir neçə hüquq ailəsi vardır ki, bu hüquq sistemlərinin xüsusiyyətlərinin tam olaraq necə müəyyən olunduğu ilə bağlı geniş ümumi razılıq olsa da, lakin təfərrüatlar kontekstində nəzəriyyədən nəzəriyyəyə müəyyən fərqlər mövcuddur. Professorun fikrincə, birinci hüquq ailəsi, mənşəyini Roma hüququndan götürən Avropa və ya Kontinental hüququdur. Bu ailəni iki yerə bölmək olar, məsələn, Alman hüququ və Fransa hüququ. İkinci ailə isə Anglo- Amerika hüququdur. 11 Qeyd edək ki, Yaponiya hər iki hüquq ailəsindən transformasiya olunan hüququn müxtəlif sahələrini əhatə edən norma və prinsiplərlə zəngindir.
Müasir Yaponiyanın hüququ öz təbiəti etibarilə XIX əsrin Avropa hüquq sistemlərinin, xüsusən də roman-german hüquq sistemi ailəsinə mənsub olan Almaniya (Prussiya) və Fransanın hüquq sistemlərinin ayrı-ayrı məcəllə və qanunvericilik modellərinə, müəyyən qədər də Amerikan hüquq sisteminin elementlərinə uyğun olaraq inkişaf edən unikal bir hüquq sistemidir. Bu səbəbdən də, Yaponiya hüququ ümumi hüquq sisteminə deyil, əsasən mülki hüquq sisteminə əsaslanan müasir hüquq normalarının məcmusu kimi inkişaf etmişdir.
Bu tendensiyanı Yaponiyanın Mülki Məcəlləsini hazırlayanlardan biri olan Hozumi də “Böyük hüquq ailələri”ndən bəhs edərək yeddi böyük hüquq ailəsini təsnif edir: 1) Çin hüququ ailəsi, 2) Hindu hüququ ailəsi, 3) Məhəmməd hüququ ailəsi, 4) Roma hüququ ailəsi, 5) Alman hüququ ailəsi, 6) Slavyan hüququ ailəsi, və 7) İngilis hüququ ailəsi. 12 Əlbəttə, bu təsnifat müxtəlif hüquq ədəbiyyatlarında fərqli formalarda aparıla bilər. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, fransız hüquqşunası Rene David dörd hüquq ailəsini təsnifləşdirirdir. Eyni zamanda, bu hüquq ailələrinin xüsusiyyətləri arasında da hərtərəfli və ya müstəsna olmasını nəzərdə tutan hər hansı bir qayda mövcud deyildir. Bu baxımdan da, Yaponiyanın hüquq sistemini bu hüquq ailələrindən daha çox qaynaqlanan və resepsiya edən hüquq kimi xarakterizə etmək mümkündür.
Nəzəri olaraq Yaponiyanın hüquq sisteminin elementləri 4 əsas qrupa bölünür:
1) Hüquqi baxışlar sistemi (hüquqi ideologiya, hüquq elmi, qanunvericiliyin təfsiri);
2) Hüquq mədəniyyəti (normalar, prinsiplər, institutlar);
3) Hüququn mənbələri (adətlər, Konstitusiya və qanunlar, məhkəmə qərarları);
4) Hüququn həyata keçirilməsi və yaradılması (Hüquqi orqanlar, təşkilatlar və müəssisələr).
Qeyd olunmalıdır ki, Yaponiyada hüquq sisteminin bəzi elementləri siyasi sistemə aid edilir. Əslində bu tamamilə məntiqidir. Çünki hüquq sistemini siyasi sistemdən ayrı təssəvvür etmək qeyri-mümkündür. Eyni zamanda, siyasi sistemin əksər elementləri konstitusiya hüquq sisteminin tərkib elementi kimi çıxış edir. Yaponiyanın hüquq sisteminin inkişafında həlledici məqam İkinci Dünya müharibəsindən sonrakı dövrə aid edilir. İkinci Dünya müharibəsindən sonra Yaponiyada həyata keçirilən hüquqi islahatlar Amerikanın işğalının təsiri altında və müstəmləkəçi administrasiyanın himayəsi və bilavasitə rəhbərliyi altında keçirildiyi üçün Yaponiya dövlətinin hüquqi islahatlar sahəsində amerikan sisteminin təsirinə müvafiq olaraq müəyyən nəticələr əldə etməsinə səbəb olmuşdur.
Hər bir cəmiyyətin hüquqi düşüncə səviyyəsi həmin cəmiyyətdə hüquqi şüurun, hüquq mədəniyyətinin və hüquqi təhsilin səviyyəsi ilə ölçülür. Xüsusi vurğulanmalıdır ki, Yaponiya cəmiyyətində hüquqi şüur və hüquq mədəniyyəti özünün yüksək səviyyəsi ilə xarakterizə edilir.
Yaponiya cəmiyyətinin hüquqi şüurunun yüksək səviyyədə olmasının başlıca səbəbi yaponların adi gündəlik həyatda hüquq normalarından tez-tez istifadə etmələri, hüquqi təhsilin inkişaf etməsi və vətəndaşların ümumi mədəniyyət səviyyələrinin yüksək olması ilə izah edilir. Bu mənada cəmiyyətdə hüquqa münasibətdə formalaşmış tendensiyalar bunlardır:
1) Hüquq (Ho);
2) Hüquq sistemi (Ho Taikey);
3) Qanunvericilik sistemi (Ho Sei);
4) Qanunvericilik tarixi (Ho Seişi). 14
Yaponlar Qərb hüquq konsepsiyasında istifadə edərək, bəzi hüquqi parametrlərə görə hətta digər ölkələrin hüquq sistemlərindən daha fərqli və səmərəli mexanizm və normativ sistem formalaşdırmışlar. Bununla bağlı professor Hiroşi Oda qeyd edir ki, Yaponiya hüququ Çin və digər hüquq sistemləri ilə birləşdirilə bilər ki, bununla da Uzaq Şərq hüquq ailəsi”ni formalaşdırmaq olar. Prefessor hesab edir ki, sadəcə coğrafi yaxınlıq hüquq sistemləri arasında ümumiliyin əsas müəyyənedicisi deyil. İdeologiya və hüquqi inkişafa təsirlər daha əhəmiyyətlidir.
Ona görə də mübaliğəsiz demək olar ki, Yaponiyanın hüquq sistemi digər ölkələrdən özününün xarakteri və mahiyyəti etibarilə öndədir. Bu ölkənin təkcə konstitutision hüquq normalarına diqqət yetirsək, orada kifayət qədər mütərəqqi normaların olduğunu görmək mümükündür.
Yaponiya konstitusiyasında sülhlə bağlı məsələlərin tənzimlənməsi, bu xüsusda dünyanın digər ölkələrində olmayan normaların mövcudluğu, dünyada ilk dəfə prokurorluq və polis orqanlarına ictimai nəzarət institutunun tətbiqi bu ölkənin hüquq sistemi üçün spesifik olan məsələlərdəndir.
Bundan başqa bir sıra məsələlər də vardır ki, bu məsələlərlə bağlı Yaponiya hüququ bir qədər ləng inkişaf etdmişdir. Bu əsasən Qərbsayağı demokratiya institutlarının, məsələn, Ombudsman institutu, xalq mühakiməsi institutlarının olmaması ilə bağlı məsələlərdir.
Bu səbəbdən də, Yaponiyada iki hüquq modelinin (roman-german hüquq sistemi və anqlosakson hüquq sisteminin) bənzərliyi praktiki cəhətdən fərqlənir. İlk növbədə qeyd olunmalıdır ki, Yaponiyanın hüquq sistemində əsasən roman-german (kontinental) hüquq sisteminin bir sıra xüsusiyyətləri hiss olunmaqdadır:
• Hüququn ümumi və xüsusi hissəyə bölünməsi;
• Hüquq sisteminin sahələrə və yarımsahələrə bölünməsi;
• Normativ aktların kodifikasiyası (məcəllələşdirilməsi);
Anqlosakson hüquq sisteminin və ya Amerikan hüququnun təsiri ilə Yaponiyanın hüquq sisteminə yeni anlayışlar daxil olmuşdur:
• Tarazlaşdırma və çəkindirmə prinsipi;
• Hakimiyyətin bölgüsü prinsipi;
• Kişi və qadın bərabərliyi;
• Hər kəsin qanun qarşısında bərabərliyi;
• Vətəndaşların demokratik hüquq və azadlıqları;
• Konstitusiya nəzarəti institutu.
Beləliklə, Yaponiyanın hüquq sisteminin təbiəti və xüsusiyyətlərini nəzərdən keçirərkən belə nəticəyə gəlmək olar ki, birincisi, Yaponiya hüquq sistemi öz təbiəti etibarilə hibrid xarakterə malikdir. Yəni, bu hüquq dünyanın iki hüquq modelinin – roman-german və anqosakson hüquq sistemlərinin bir sıra mühüm xüsusisyyətlərini özündə ehtiva etməklə, ikili xarakterə malikdir.
İkincisi isə Yaponiya hüququnun daha bir özəlliyi ondan ibarətdir ki, bu hüquq sistemi Yaponiya cəmiyyətinin milli ənənələrini əxz etməklə, müasir innovativ hüquqi dəyərlər sisteminin məcmusunu özündə əks etdirir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏ
SİYAHISI
1. Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipi, https://huquqsunas.tr.gg
2. В области семейного права время в Японии остановилось, https://www.nippon.com Чиркин В. Е.. Конституционное право зарубежных стран. 9-е изд., перераб. и доп. — Москва : Норма : ИНФРА-М, 2019. – 528 с.
3. Чурсина Т.И. Cудебная система Японии, Журнал зарубежного законодательства и сравнительного правоведения 5, 2013, c. 908.
4. Ларионова А.Н. «Движение за свободу и народные права» и первые проекты конституции Японии, https://cyberleninka.ru
5.About the Civil Code Reform (Law of Obligations), https://www.moj.go.jp/ENGLISH/ccr/CCR_00001.h tml
7. Bermuda National Parks Amendment (No. 2) Act, 2017 (No. 44 of 2017). https://leap.unep.org/countries/national- legislation/bermuda-national-parks-amendment- no-2-act-2017-no-44-2017
8. Court System of Japan, https://www.courts.go.jp/english/vc-files/courts-en/file/2018_Court_System_of_Japan.pdf
9. Civil Code(Act No. 89 of 1896), https://www.japaneselawtranslation.go.jp/en/laws/ view/3494/en#je_pt1ch1at1
Elvar Mirzəələkbər oğlu Xəlilov hüquq üzrə fəlsəfə doktoru
Gundelik.az
