Yay aylarında sərinləmək üçün dənizə və ya hovuza gedənlər kontakt linzalarını mütləq çıxarmalıdırlar. Çünki suyun tərkibindəki mikroblar, bakteriyalar və viruslar linzaya yerləşərək gözlərdə ciddi infeksiyalara səbəb olur.
Dənizdən və ya hovuzdan çıxdıqdan sonra əlləri və üzü yaxşı yumaq vacibdir. Əllərdə və üzdə olan virus və bakteriyalar gözə keçərək infeksiya yaradır. Xüsusilə adenoviruslar göz xəstəliklərinə, hətta ağır hallarda görmə itkisinə səbəb olur.
Hovuz suyundakı xlorun miqdarı da göz sağlamlığı üçün əhəmiyyətlidir. Normal səviyyədə xlor adətən problem yaratmasa da, yüksək miqdarda olduqda gözlərdə qıcıqlanma və allergiyaya səbəb olur. Dənizdə və hovuzda üzərkən üzgüçülük eynəyindən istifadə etmək gözləri qorumağa kömək edir.
Kontakt linza istifadə edənlər xüsusilə diqqətli olmalıdır. Mütəxəssislər bildirirlər ki, kontakt linza ilə dənizə və ya hovuza girmək qətiyyən tövsiyə edilmir. Suda olan mikroorqanizmlər linzanın üzərində və altında toplanaraq çoxala və daha sonra gözə keçə bilər. Bu isə ciddi göz infeksiyalarına yol açır. Yay aylarında gündəlik istifadə edilən birdəfəlik linzalara üstünlük vermək daha məqsədəuyğun hesab olunur.
Bundan əlavə, yayda UV qoruyuculu gün eynəklərindən istifadə etmək vacibdir. Eynəklər üz quruluşuna uyğun, geniş çərçivəli və keyfiyyətli olmalıdır.
Gözlərdə qızartı, batma, yanma, ağrı, bulanıq görmə və ya görmə itkisi yaranarsa, mütləq göz həkiminə müraciət edilməlidir. Həkim məsləhəti olmadan göz damcısı və ya dərman istifadə etməkdən də çəkinmək lazımdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
