Avqust 27, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqlarda narahatlıqla mübarizə: Valideynlər nə etməli, nə etməməlidir?

Uşaqların narahatlıq və təşvişlə necə mübarizə aparması onların sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Valideynlərin bu vəziyyətlərdə düzgün yanaşması isə uşağın özünəinamına və problemlərin öhdəsindən gəlmək bacarığına birbaşa təsir edir.

Mütəxəssislər bildirirlər ki, narahatlıqla təşviş arasında fərq var. Məsələn, imtahandan əvvəl yaranan yüngül narahatlıq uşağı daha çox çalışmağa sövq edir. Lakin narahatlıq nəzarətdən çıxaraq gündəlik həyata mane olmağa başladıqda təşvişə çevrilir.

Narahatlıq:

Adətən konkret hadisə və ya vəziyyətə qarşı normal reaksiyadır.

Qısamüddətli olur və problem həll edildikdə azalır.

Düşünmə və problemin həllinə yönəldir.

Uşağı hərəkətə keçməyə və hazırlaşmağa motivasiya edir.

Təşviş:

Daha ümumi və qeyri-müəyyən qorxu hissidir.

Uzun müddət davam edə və gündəlik həyata təsir göstərir.

Yorğunluq, diqqət çətinliyi və yuxu problemlərinə səbəb olur.

Güclü qorxu, panika, nəfəs darlığı, başgicəllənmə və əzələ gərginliyi kimi əlamətlərlə müşayiət olunur.

Uşağa necə dəstək olmaq olar?

Valideynlər ilk növbədə uşağın hisslərini dinləməli və onun narahatlığını ciddiyə almalıdırlar. Uşağın özünü rahat ifad edə bilməsi üçün təhlükəsiz və dəstəkləyici ünsiyyət mühiti yaradılmalıdır.

Bunun üçün:

Uşağı narahat edən məsələləri danışmağa təşviq edin.

Onu səbrlə və aktiv şəkildə dinləyin.

Yaşına uyğun, sadə və empatik dildən istifadə edin.

Problemlərini özü həll etməsi üçün onu cəsarətləndirin.

Kiçik narahatlıqların öhdəsindən gəlməyi öyrənməsinə kömək edin.

Öz sürətində irəliləməsinə imkan verin.

Plan qurmaq və problemləri mərhələli şəkildə həll etmək bacarığını inkişaf etdirin.

Stressini azaltmaq üçün uyğun üsullar öyrədin.

Bəs nə etmək olmaz?

Uşağın narahatlığını “Şişirtmə”, “Qorxacaq heç nə yoxdur” kimi sözlərlə kiçiltmək və ya görməzdən gəlmək düzgün deyil. Bu, uşağın hisslərinin əhəmiyyətsiz olduğunu düşünməsinə, özünü dəyərsiz hiss etməsinə və özünəinamının zəifləməsinə səbəb olur.

Həmçinin uşağı qorxusunun üzərinə getməyə məcbur etmək, yaşından və imkanlarından artıq şeylər gözləmək də stressi artırır.

Digər tərəfdən, həddindən artıq qoruyucu davranmaq da düzgün deyil. Uşağı hər çətin vəziyyətdən uzaqlaşdırmaq onun müstəqillik və problem həll etmə bacarıqlarının inkişafına mane olur.

Ən sağlam yanaşma uşağa “sənin yanındayam və bu vəziyyətin öhdəsindən gələ bilərsən” mesajını vermək, eyni zamanda problemləri ilə tədricən özü mübarizə aparmasına şərait yaratmaqdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az