Avqust 27, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqları tənqid etmək dəstəkləyicidir?

Valideynlər uşaqlarının səhvlərini və mənfi davranışlarını düzəltmək üçün bəzən sərt tənqidə əl atırlar. Lakin “Niyə dostların qədər uğurlu deyilsən?”, “Bu qədər sadə şeyi necə başa düşmürsən?”, “Bir az qardaşından nümunə götür” kimi ifadələr uşağın özünəinamına və psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Psixoloq Mehmet Büyükçorakın sözlərinə görə, uşağı utandırmaq onu motivasiya etmək əvəzinə, özünü bacarıqsız və dəyərsiz hiss etməsinə səbəb olur. Xüsusilə uşağın ən çox güvəndiyi insanlardan eşitdiyi mənfi sözlər onun özünə hörmətinə daha ciddi təsir göstərir.

Utandırmaq hansı nəticələrə səbəb olur?

Uşağı başqalarının yanında danlamaq, alçaltmaq və “tənbəlsən”, “yaramazsan” kimi sözlərlə etiketləmək utandırmanın formalarındandır. Bu yanaşma uşağa davranışını necə düzəltməyi öyrətmir, sadəcə onu cəzalandırır.

Utandırma qısa müddətdə uşağın davranışını dəyişir. Lakin bu dəyişiklik uzunmüddətli olmur. Davamlı olaraq utandırılan uşaqlarda özünəinamın azalması, yalan danışmaq, müdafiə xarakterli davranışlar, aqressiya və emosional problemlər yaranır.

Belə uşaqlar gələcəkdə başqaları ilə sağlam münasibətlər qurmaqda da çətinlik çəkir, uğursuzluqdan həddindən artıq qorxur və özlərini cəmiyyətdən təcrid edirlər. Bəzi hallarda daxili narahatlıqlarını aqressiv davranış və zorakılıqla ifadə edirlər.

Valideyn-uşaq münasibətinə də təsir edir

Uşağın hisslərini görməməzliyə vurmaq və onu daim utandırmaq valideyndən uzaqlaşmasına səbəb olur. Buna görə valideynlər uşağın səhvini şəxsiyyətindən ayırmalı, “Sən pissən” demək əvəzinə, konkret olaraq hansı davranışın düzgün olmadığını izah etməlidirlər.

Uşağa necə yanaşmaq lazımdır?

Mütəxəssislər valideynlərə:

uşağa anlayış və səbir göstərməyi;

onun hisslərini ifadə etməsinə imkan verməyi;

səhvin səbəbini birlikdə müzakirə etməyi;

alternativ davranış yolları göstərməyi;

uşağın güclü tərəflərini və səylərini qiymətləndirməyi;

açıq suallar verərək onun fikirlərini dinləməyi tövsiyə edirlər.

Əsas məqam: Uşağı utandırmaq və müqayisə etmək tərbiyə üsulu deyil. Davranışı düzəltməyin ən sağlam yolu uşağı alçaltmadan səhvini izah etmək, onu dinləmək və düzgün davranışa istiqamətləndirməkdir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az