Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyadan qaynaqlanan təhdidlər fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə hərbi təlimlərə start verib.
Gundelik.az xəbər verir ki, bu barədə “Renhap“ agentliyi məlumat yayıb.
Beş gün davam edəcək “Freedom Edge” təlimi sentyabrın 15-dən 19-dək Cənubi Koreyanın Çecu adasının şərq və cənub istiqamətində beynəlxalq sularda keçirilir. Təlimlər çərçivəsində raketdən müdafiənin gücləndirilməsi, hava hücumundan müdafiə, tibbi təxliyə, eləcə də dənizdə ələ keçirmə əməliyyatları üzrə məşqlər icra olunacaq.
ABŞ-ın Hind-Sakit Okean Komandanlığının açıqlamasında bildirilib ki, bu təlimlər “Asiya-Sakit okean regionunda sülhün qorunması və təmin edilməsində dövlətlərin kollektiv öhdəliklərinin göstəricisidir”.
Şimali Koreya isə təlimləri kəskin tənqid edib. KXDR rəsmiləri manevrlərin regionda təhlükəsizliyi təhdid etdiyini və mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyasının sədr müavini Pak Conq Çonun sözlərinə görə, keçirilən təlimlər “KXDR-ə qarşı nüvə müharibəsinin açıq-aşkar sınağı” kimi qiymətləndirilir.
Gundelik.az

