İnsanlıq üçün ana və vətən nə qədər önəmlidirsə, iqtisadiyyat üçün rəqabət o qədər önəmlidir. İkinci olmayan yerdə birinci məhv olur.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov fikirlərini bölüşüb.
“Buna görə də bir müddət əvvəl qeyd etmişdim ki, rəqabət mühitinin qorunması və inkişafı dövlətin əsas vəzifələrindən biridir. Zərurət yarandıqda, inhisarçı strukturların parçalanması belə rəqabətin təmin olunması baxımından legitim və vacib addım hesab edilməlidir. Bu yanaşma artıq dünyada praktiki təcrübə kimi tətbiq olunur”, – iqtisadçı bildirib.
Onun sözlərinə görə, son nümunə hazırda ABŞ-də yenidən müşahidə olunmaqdadır: “ABŞ-nin Virciniya ştatının Şərq Bölgəsi üzrə Dairə Məhkəməsi “Google”un onlayn reklam serveri bazarında qəsdən inhisar gücü əldə etdiyi və bu gücü saxladığı qənaətinə gəlib. Hakim Leoni Brinkema 115 səhifəlik qərarında şirkətin rəqabətə qarşı addımlar atdığını və arzu olunan məhsul xüsusiyyətlərini bazardan çıxararaq üstün mövqeyini daha da gücləndirdiyini qeyd edir”.
“Görünən odur ki, yaxın vaxtlarda bu istiqamətdə daha ciddi hüquqi proseslər başlayacaq. Gələn həftə Vaşinqtonda keçiriləcək məhkəmədə “Google”un “Chrome” brauzeri və axtarış bazarındakı dominansı ilə bağlı yeni iddialar müzakirə olunacaq.
Bu hadisə bir daha göstərir ki, rəqabətin təmin olunması üçün dövlətlər güclü hüquqi və institusional addımlar atmalıdır. Bu, yeni subyektlərin yaranması, innovasiyanın təşviqi və istehlakçının mənafeyinin qorunması baxımından əvəzsizdir.
Həm də bu hadisə “ABŞ niyə güclüdür?” sualının ən sadə cavabıdır”, – deyə E. Əmirov qeyd edib.

