Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 6 “CH-47F Chinook” hərbi-nəqliyyat helikopteri və müvafiq avadanlıqları 1,32 milyard dollara tədarük etməyə razılaşıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, sövdələşməyə yanacaq çənləri, elektrik stansiyaları, naviqasiya sistemləri, raket xəbərdarlığı sistemləri, pulemyotlar, proqram təminatı və rabitə avadanlıqlarının tədarükü daxildir.
Pentaqonun məlumatına görə, saziş BƏƏ-nin müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
Mayın 12-də Amerikanın “Axios” portalı adı çəkilməyən rəsmilərə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinə səfəri zamanı ümumi dəyəri 1 trilyon dollar olan bir sıra sazişlər imzalamağı planlaşdırır.
Portalın məlumatına görə, Səudiyyə Ərəbistanında Ağ Ev rəhbəri silah tədarükü ilə bağlı müqavilələr imzalamağı, həmçinin enerji və minerallar sektorunda sövdələşmələr bağlamağı planlaşdırır.
Gundelik.az

