Avqust 24, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ağız sağlamlığı ilə Alzheimer arasında diqqətçəkən əlaqə

Ağız sağlamlığı yalnız dişlərlə bağlı deyil, beyin sağlamlığına da təsir göstərir. Elmi araşdırmalar ağız sağlamlığı ilə Alzheimer xəstəliyi və demensiya arasında diqqətçəkən əlaqənin olduğunu göstərir.

Ağız sağlamlığı yalnız sağlam dişlərə və gözəl təbəssümə sahib olmaqdan ibarət deyil. Elmi tədqiqatlar ağız sağlamlığının ürək-damar xəstəlikləri, diabet, demensiya və Alzheimer kimi bir çox sağlamlıq problemi ilə əlaqəli ola biləcəyinə işarə edir.

Bu səbəbdən diqqətdən kənarda qalan diş çürüyü və ya müalicə olunmayan diş əti xəstəliyi yalnız ağız boşluğunda yaranan problem kimi qiymətləndirilmir. Mütəxəssislərin fikrincə, ağızdakı xroniki iltihablar zamanla bütün orqanizmə təsir göstərə biləcək sağlamlıq problemlərinə zəmin yaradır.

Ağız sağlamlığı bütün orqanizmə təsir edir

Marmara Universitetinin Diş Həkimliyi Fakültəsinin Bərpaedici Diş Müalicəsi kafedrasının müəllimi, professor Pınar Yılmaz Atalı ağız sağlamlığı ilə ümumi sağlamlıq arasındakı güclü əlaqəni belə izah edir:

“Ağız sağlamlığımız yalnız dişlərimizlə bağlı deyil. Ürəyimizdən beynimizə qədər maddələr mübadiləmizə, orqanizmimizə, hətta psixi sağlamlığımıza təsir edən amildir. Diş çürükləri və ağızda qalan xroniki iltihablar zamanla beyindəki bəzi mexanizmləri tətikləyə bilər.”

Elmi araşdırmalar ağız sağlamlığı ilə Alzheimer və demensiya arasında diqqətçəkən əlaqənin olduğunu göstərir.

Prof. Dr. Atalı bu sahədə aparılan araşdırmaları belə ümumiləşdirir:

“Tədqiqatlarda diş çürüyünün birbaşa Alzheimer xəstəliyinə səbəb olduğu deyil, bu xəstəliklə əlaqəli olduğu görülür. Diş çürüklərinin və ağızda qalmış xroniki iltihabların beyindəki bəzi mexanizmləri tətikləyərək bu xəstəliklərlə əlaqəli olduğuna dair elmi sübutlar var.”

Ağızdakı bakteriyalar beyinə necə təsir edir?

Araşdırmalara görə, bu prosesdə əsas rolu ağızdakı xroniki iltihablar və bakteriyalar oynayır. Bəs beyin bütün bunlardan necə təsirlənir?

Bu suala Marmara Universitetinin Diş Həkimliyi Fakültəsi dekan müavini, professor Gühan Dergin cavab verir:

“Ağız gigiyenamıza diqqət etmədikdə diş əti qanamaları, dişlərin fırçalanması və travmalar nəticəsində bu bakteriyalar qan dövranına daxil olaraq orqanizmdə ümumi iltihaba səbəb olur. Aparılan araşdırmalarda xüsusilə damarların daxilində yaranan ‘ateroskleroz’ adlanan qalınlaşmaların içərisində bu bakteriyaların DNT-sinə rast gəlinib. Bu bakteriyalar damarların iltihablanmasına səbəb olur. Bu isə damarların qalınlaşmasına, onların tutulmasına və qan axınının pozulmasına gətirib çıxarır. Beləliklə, həm ürək-damar sistemində qanla təmin olunma problemi yaranır, həm də beyində qan dövranı pozularaq demensiyanı tətikləyə bilər.”

Ağız gigiyenasına diqqət etmək vacibdir

Sadə tədbirlər görmək yalnız ağız sağlamlığını qorumaq üçün deyil, bununla əlaqəli yarana biləcək bəzi sağlamlıq problemlərinin qarşısını almaq üçün də əhəmiyyətlidir.

Prof. Dr. Dergin diqqət edilməli məqamları belə sıralayır:

“Gündə ən azı iki dəfə dişlərimizi düzgün və effektiv şəkildə fırçalamalıyıq. Bundan əlavə, altı ayda bir həkimə müraciət edərək ağız boşluğunda patoloji dəyişikliklərin, infeksiyaların və xroniki infeksiyaların olub-olmamasını müəyyənləşdirmək və aşkarlandığı halda onları müalicə etdirmək lazımdır. Əks halda bu problemlərlə qarşılaşma ehtimalı var. Yəni ağız gigiyenamıza çox ciddi şəkildə diqqət etməliyik.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az