Yay istisi yalnız tərləmə, halsızlıq və susuzluğa səbəb olmur. Həddindən artıq isti hava diqqət, qərarvermə, yuxu keyfiyyəti və əhval-ruhiyyəyə də təsir göstərir.
Araşdırmalar göstərir ki, yüksək temperatur zamanı diqqət müddəti qısalır, səhv etmə ehtimalı artır və qərarvermə qabiliyyəti zəifləyir. Bədən temperaturunu tarazlaşdırmağa çalışan beyin daha çox enerji sərf etdiyindən insan daha tez əsəbiləşir və səbirsizləşir.
Digər mühüm məqam isə susuzluğun hər zaman aydın hiss edilməməsidir. Xüsusilə yaşlı insanlarda susama hissi zəifləyir. Bu zaman orqanizmdə maye çatışmazlığı artıq başlayıb, lakin insan bunu hiss etmir. Susuzluq özünü yorğunluq, unutqanlıq və diqqət dağınıqlığı ilə göstərir.
Bəzi dərmanlar da isti havada risk yaradır. Təzyiq dərmanları, bəzi antidepressantlar və allergiya əleyhinə preparatlar orqanizmin temperatur tənzimlənməsinə və maye itkisinə təsir göstərir. Dərman qəbul edən şəxslər isti havalarda həkim tövsiyələrinə uyğun davranmalıdır.
İstinin başqa mühüm təsiri isə gecə yuxusudur. Gecə temperaturu kifayət qədər aşağı düşmədikdə bədən yuxu zamanı lazımi qədər sərinləyə bilmir. Nəticədə yuxunun keyfiyyəti pozulur, insan səhər daha yorğun, diqqətsiz və stresli oyanır.
Bu səbəbdən isti havalarda yalnız günəşdən qorunmaq və kifayət qədər maye qəbul etmək deyil, yuxu keyfiyyətinə və ümumi psixoloji vəziyyətə də diqqət yetirmək vacibdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
