Avqust 24, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Suriya Rusiyanın ölkəsindəki hərbi bazaları ilə bağlı Moskva ilə razılığa gəldiyini açıqlayıb

Suriya Xarici İşlər Nazirliyinin Moskva ilə bir il yarım davam edən danışıqlarından sonra Humeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı razılığa gəlindiyi açıqlanıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin açıqlamasına istinadən yaydığı xəbərə görə, razılaşma çərçivəsində Suriyanın sahil bölgəsindəki Rusiya hərbi mövcudluğunun yenidən təşkil edilməsi prosesinə başlanacaq.

Bildirilib ki, mülki obyektlərin idarəçiliyi Suriyaya təhvil veriləcək. Humeymim hava limanı və Tartus limanındakı 4-cü kommersiya körpüsü mərhələli şəkildə mülki idarəçiliyə daxil ediləcək.

Rusiya tərəfindən istifadə olunan hərbi xarakterli baza və obyektlərin fəaliyyətinin yenidən təşkil edilməsi ilə bağlı da razılıq əldə olunub. Qeyd edilib ki, bu bazalar Suriya ilə birgə təlim və hərbi təlim-məşq mərkəzlərinə çevriləcək.

Açıqlamada yeni düzənləmələrin qarşılıqlı maraqları qoruyacaq şəkildə həyata keçiriləcəyi bildirilib. Memorandumda transformasiya prosesinin başa çatdırılması üçün maksimum 3 aylıq müddət müəyyən edildiyi və bundan sonra yeni qaydaların qüvvəyə minəcəyi qeyd olunub.

Rusiya 2015-ci ildə devrilmiş Əsəd rejiminin dəvəti ilə Suriyaya hərbi müdaxilə etmiş, Humeymim və Tartusda hərbi bazalar yaratmışdı. Suriya vətəndaş müharibəsi zamanı mülki ərazilərə qarşı yüzlərlə hücumun bu bazalardan havaya qalxan təyyarələr tərəfindən həyata keçirildiyi bildirilirdi.

Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Rusiya ilə Suriyanın yeni hökuməti bu hərbi bazaların gələcəyi ilə bağlı danışıqlara başlamışdı.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az