Avqust 24, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Cənubi Koreya və ABŞ-nin növbəti birgə təlimi ləğv edildi

Cənubi Koreya Amerika Birləşmiş Ştatları ilə növbəti birgə hərbi təlimlərin ləğv edildiyini təsdiqləyib. Buna əsas səbəb kimi Yaxın Şərqdə həyata keçirilən əməliyyatlarla əlaqədar ABŞ hərbçilərinin çatışmazlığı göstərilib.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, iki ildə bir dəfə təşkil olunan və sentyabra planlaşdırılan “Ssangyong” manevrləri təyin olunmuş vaxtda baş tutmayacaq. ABŞ komandanlığı Fars körfəzi zonasındakı hazırkı vəziyyətə görə qüvvələri cəlb etməyin mümkünsüzlüyü barədə Seula xəbərdarlıq edib.

Bu, son dövrlərdə birgə hərbi təlimlərin artıq ikinci nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılmasıdır. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 21-də, yəni vaxtından bir həftə tez başa çatan digər manevrlərin miqyasının azaldılması barədə göstəriş vermişdi.

Vaşinqtonda bu addım Şimali Koreya ilə dialoqu qoruyub saxlamaq istəyi, həmçinin Seulun İran münaqişəsində ABŞ-yə dəstək vermək istəməməsi ilə əlaqələndirilirdi. Lakin Cənubi Koreya rəsmisi aydınlıq gətirib ki, “Ssangyong” təlimləri tamamilə ləğv edilməyib, sadəcə təxirə salınıb.

Onun sözlərinə görə, hər iki ölkənin hərbi nümayəndələri gələcəkdə manevrlərin bərpa olunması ehtimalı ilə bağlı məsləhətləşmələri davam etdirirlər. ABŞ-nin Sakit Okean Komandanlığı və Koreyadakı ABŞ qüvvələri hələlik məsələ ilə bağlı operativ şərh verməyib.