Gundelik.az Xəbərlər İqtisadiyyat ABŞ-də alkoqol istehlakı rekord səviyyədə azalıb
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ-də alkoqol istehlakı rekord səviyyədə azalıb

ABŞ-də alkoqol istehlakı son onilliklərin ən aşağı səviyyəsinə düşüb.

Gundelik.az xəbər verir ki, “Gallup” şirkətinin keçirdiyi sorğuya görə, spirtli içki qəbul edən amerikalıların nisbəti 54%-ə enib. Bu, 1939-cu ildən bəri aparılan ölçmələrdə qeydə alınan ən aşağı göstəricidir.

Əvvəlki minimum 1958-ci ildə 55%, maksimum isə 1974–1981-ci illərdə 68–71% arasında olub. 2023-cü illə müqayisədə bütün sosial qruplarda – yaş, cins, irq və digər kateqoriyalara görə – spirtli içki qəbul edənlərin payı azalıb. Ən böyük azalma respublikaçılar arasında müşahidə olunub – 19 faiz bəndi. Demokratlarda bu göstərici cəmi 3 faiz bəndi azalıb.

Son iki ildə spirtli içki qəbul edən qadınların nisbəti 11, kişilərin isə 5 faiz bəndi azalıb. 2023-cü ildə həm qadınlar, həm də kişilər üzrə bu göstərici 62% olub.

Mütəxəssislər alkoqolun populyarlığının azalmasını, hətta orta dərəcədə spirtli içki qəbulunun belə sağlamlığa mənfi təsir göstərdiyini sübut edən elmi araşdırmalarla əlaqələndirirlər. Keçmişdə az miqdarda spirtin sağlamlığa faydalı ola biləcəyi düşünülürdü.

Sorğuya əsasən, ABŞ-də ən populyar spirtli içki növü pivə olaraq qalır – respondentlərin 38%-i onu üstün tutur. Güclü spirtli içkilər isə bu il şərabı geridə qoyaraq ikinci yerə çıxıb (30%), şərab isə 29%-lə üçüncü yerdə qərarlaşıb. Ötən il bu nisbət müvafiq olaraq 29% və 33% idi.

Gundelik.az 

Exit mobile version