Sentyabr 30, 2026
Baku
Ədəbiyyat

Sözün aynasında insan və həyat

Oyunbaz
Masqalanmış oyunbaz,
Yeni şəbih çıxardır,
Aləmi qarışdırır,
Özün ağıllı sayır,
Kələkbazdı, oyunbaz!
Fırıldaqçı, dələduz,
Yetənə tələ qurur,
Onu toruna salır,
Sanki dilin bağlayır,
Sözü saxta, oyunbaz!
Cilidini dəyişir,
Gündə yüz dona girir,
Bildiyini eləyir,
Hamıya kələk gəlib,
Xal qazanır, oyunbaz!
Verdiyi sözü danır,
Hər an fikrin dəyişir,
Özün suğurtalayır,
Beləcə haq qazanır,
Çox ustadı, oyunbaz!
Yalandan üzə gülür,
Bu üsulla aldadır,
Öz istəyinə çatır,
Belə oyunlar qurur,
Lap şeytandı, oyunbaz!
Sıldırımlı yollarla,
Hara gedirsən, belə?
Duman-çəndi yamaclar,
Uçuruma düşərsən,
Məhv olarsan, oyunbaz!
Atalar belə deyib:
– Yalan heç vaxt yeriməz,
Niyətlər hasil olmaz,
Düzlük olmayan yerdə,
Xəstə haldı, oyunbaz!
Haqqa tapın, oyunbaz!
Dolayı yolla az gəz,
Düz yolu seç, oyunbaz!
Yanıb külə dönərsən,
İzin qalmaz, oyunbaz! Bakı, Mərdəkan,
19.08.2026.

Olaydı
Bütün aləm laləzara dönəydi,
Üzlərdən gülüş əskik olmayaydı,
Ellərimiz şad, firavan olaydı,
Həyat gözəl, şirin-şəkər olaydı.
Ürəklər də sevgi ilə dolaydı,
Kədər hər an eldən uzaq olaydı,
Hərtərəfdə gül-çiçəklər bitəydi,
Nə qış, nə çovğun, nə də qar olaydı.
Bahar ətri çöllərə yayılaydı,
Gözəl illər bir-birinə çataydı,
Könüllərə istək, həvəs gələydi,
Yaşıl çəmən, buz bulaqlar olaydı.
İllər boyu yaxşı günlər keçəydi,
Bülbüllərin nəğməsi eşidiləydi,
Yanan ocaqlara su səpiləydi,
Gözəl işə dəyər verən olaydı.
Evlərdən şən körpə səsi gələydi,
Sevənlər bir-birinə qovuşaydı,
İnsanlar can deyib, can eşidəydi,
Nə kin, nə küdurət, nə də qəm olaydı.
Ölkəmizdə həmişə sülh olaydı,
Küsülülər bir araya gələydi,
Daima qurd quzu ilə gəzəydi,
Hər bir zaman gözəl dövran olaydı.
Babaların arzusu çin olaydı,
Gül-gülü, bülbül-bülbülü qovaydı,
Səmada sülh göyərçini uçaydı,
Azərbaycan tamam cənnət olaydı. Ağcabədi şəhəri,
12.09.2026.

 

Yaramazlar
Sözündə saxta olanlar,
Əməli düz olmayanlar,
İlqarından tez dönənlər,
İkibaşlı danışanlar,
Hər an əyri yol gedənlər,
Tamahı iti olanlar,
Üzə durub, ev yıxanlar,
Ar-namusu itirənlər,
Ölçünü gözləməyənlər,
Haq yolunu tez azanlar,
Ev uçurub, ev tikənlər,
Qismətdən artıq ummanlar,
El qədrini bilməyənlər,
Vətən uğrunda ölməyənlər,
Sevgi nədi qanmayanlar,
El malına göz dikənlər,
Dost-tanışa tor quranlar,
Sədaqəti tapdayanlar,
Gözdən gizli tük çəkənlər,
Böyük-kiçik saymayanlar,
Dosta dəyər verməyənlər,
Hər bir kəsə xor baxanlar,
Mənlikləri olmayanlar,
Yalanlarla yoğrulanlar,
Yersiz sözlər danışanlar,
Özün ağıllı sayanlar,
Tay-tuşların sevməyənlər,
Paltarına sığmayanlar,
Hər an civsiz cırılanlar,
Yerişini itirənlər,
Təkəbbürlə dik gəzənlər,
Özü üçün yaşayanlar,
Məsləkini itirənlər,
Şəxsiyyəti olmayanlar,
El adını korlayanlar,
Saydığımız, ey məxluqlar!
Sizə nə ad vermək olar?
Sizin bircə adınız var:
– İnsanlığı olmayanlar,
Xalqı üçün yararsızlar,
Manqurd kimi yaşayanlar,
Evlər yıxan şarlatanlar,
Yaramazlar, yaramazlar!…
Ağcabədi şəhəri
05.09.2026

 

Mən
Uğursuz illərə düşüb çətinliklə üzləşdim mən,
Çox çalışıb cəfa çəkdim, səfa görmədim mən.
Əzmlə işləsəm də, məqsədimə yetmədim mən,
Hər zaman namərd gülləsinə tuş gəldim mən.

Çətin suallar qarşısında çaşbaş qaldım mən,
Nə iş qurdum, nə söz tapdım, sanki lal oldum mən.
Naməlum, dolaşıq fikirlərdən üzüldüm mən,
Qaranlıq gecədə gəzdiyimi tapmadım mən.

Rüzgarın şıltaq sınağından təngə gəldim mən,
Dərdimi dərdbilənlərə deyə bilmədim mən.
Etibarsız dünyada yoruldum, usandım mən,
Çaylar daşdı, sular bulandı lap qərq oldum mən.

Təmiz hava, şehli çəmən, buz bulaq gördüm mən,
Zaman keçdi, illər ötdü, öz izimlə getdim mən,
Söz mülkünün xiridarları ilə gəzdim mən,
Qəlblərə müjdə verən xoş sözlər söylədim mən.

Duman çəkildi, hərtərəfi aydın seçdim mən,
Bütün aləmi sübh çağında seyir etdim mən.
Göydə bədirlənmiş ay işığını gördüm mən,
Əbədi bir sevgidən sonsuz ilham aldım mən.

Nə qədər dərdli ürəklərə məlhəm oldum mən,
Könülləri sevinclə doldurub şad etdim mən.
Ancaq öz xəstə canıma əlac tapmadım mən,
Çarəsizlik üzündən əriyib yox oldum mən.

Ağcabədi şəhəri
22.09.2026.

Sabir Rüstəmoğu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü

Gundelik.az