Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Rekord istilərdən sonra diqqətçəkən araşdırma: 30-dan çox xəstəliklə əlaqəsi müəyyənləşdi

Yeni araşdırma göstərib ki, həddindən artıq isti hava yalnız günvurma və susuzlaşma kimi tanınan problemlərə səbəb olmur. Yüksək temperatur dəri səpgilərindən böyrək çatışmazlığına, psixi pozuntulardan xəsarətlərə qədər 30-dan çox sağlamlıq problemi ilə əlaqəlidir.

Dünyanın bir çox bölgəsində temperaturun rekord həddə yüksəlməsi isti havanın insan sağlamlığına təsirlərini yenidən gündəmə gətirib. Avropada da ardıcıl isti hava dalğaları müşahidə olunub və yüksək temperatur minlərlə əlavə ölüm, səhiyyə sistemlərinə artan yük və fövqəladə hallara hazırlığın yenidən nəzərdən keçirilməsi ilə nəticələnib.

30-dan çox xəstəlik isti hava ilə əlaqələndirildi

Science Advances jurnalında dərc olunan araşdırmada yüksək temperatur dövrlərində ortaya çıxan müxtəlif sağlamlıq problemləri araşdırılıb. Nəticədə isti hava ilə əlaqəli ola biləcək 30-dan çox diaqnoz müəyyən edilib.

Tədqiqatçılar isti havalarda aşağıdakı problemlərin daha çox müşahidə oluna biləcəyini bildiriblər:

dəri səpgiləri;

bədəndə şişkinlik;

kəskin böyrək çatışmazlığı;

dağınıq skleroz (MS) tutmaları;

psixi və davranış pozuntuları;

həşərat dişləmələri və sancmaları.

Araşdırmanın müəllifi, Northwestern Universitetindən Hyojung Jang bildirib ki, isti havanın sağlamlığa təsirini yalnız günvurma və digər klassik istilik xəstəlikləri ilə qiymətləndirmək düzgün deyil.

Təxminən 1 milyon tibbi müraciət araşdırılıb

Alimlər 2011–2023-cü illər arasında Çikaqoda təcili yardım şöbələri və təcili tibbi xidmət mərkəzlərinə edilən təxminən 1 milyon müraciəti təhlil ediblər.

May-sentyabr aylarında qeydə alınan  1803 fərqli diaqnoz araşdırılıb və onların yüksək temperaturla əlaqəsi qiymətləndirilib.

Tədqiqatda xüsusilə şəhərlərdə yaşayan insanların daha böyük risklə üzləşə biləcəyi vurğulanıb. Buna səbəb şəhərlərdə temperaturun ətraf ərazilərlə müqayisədə daha yüksək olduğu “şəhər istilik adası” effektidir.

İsti hava aqressiyanı və qəzaları da artırır

Araşdırmanın diqqətçəkən nəticələrindən biri həddindən artıq isti hava ilə travma və zorakılıq halları arasındakı əlaqədir.

Alimlər hücumlar, silahla bağlı hadisələr və müxtəlif qəzalar da daxil olmaqla 23 fərqli xəsarət, zəhərlənmə və xarici amillərlə əlaqəli sağlamlıq probleminin isti dövrlərdə arta biləcəyini müəyyən ediblər.

Araşdırmanın həmmüəllifi Daniel Hortonun sözlərinə görə, isti hava zamanı insan həm fiziki, həm də psixoloji stress yaşayır. Bu isə diqqətin dağılmasına, əsəbiliyin artmasına və nəticədə qəza riskinin yüksəlməsinə səbəb olur.

Mütəxəssislər hazırlığın gücləndirilməsini istəyir

Tədqiqatçılar hesab edirlər ki, nəticələr səhiyyə sistemlərinin gələcəkdə baş verə biləcək isti hava dalğalarına daha yaxşı hazırlaşmasına kömək edir.

Xüsusilə böyrək problemləri və maye balansının pozulması kimi bəzi fəsadlar isti havaya məruz qaldıqdan bir neçə gün sonra ortaya çıxa bildiyi üçün onların daha yaxından izlənməsi tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, isti hava dalğaları zamanı xəstəxanalara və təcili tibbi yardım mərkəzlərinə müraciətlərin artacağı nəzərə alınmalı və buna uyğun hazırlıq görülməlidir.

Araşdırmanın yalnız Çikaqo şəhərinin məlumatları əsasında aparıldığı da vurğulanıb. Alimlər nəticələrin müxtəlif şəhər, iqlim və səhiyyə sistemlərində aparılacaq yeni tədqiqatlarla təsdiqlənməsinin vacibliyini qeyd ediblər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az