Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

35-50 yaş arası qadınlarda ağciyər xərçəngi təhlükəsi: Siqaret əsas səbəbdir

Dünya üzrə hər il 2,6 milyondan çox insana ağciyər xərçəngi diaqnozu qoyulur. Uzun illər daha çox kişilərdə rast gəlinən xəstəlik son dövrlərdə qadınlar arasında da ciddi sağlamlıq probleminə çevrilib. Hazırda ağciyər xərçəngi dünyada qadınlarda süd vəzi xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növüdür.

ABŞ-da aparılan araşdırmaların birində 35-54 yaş arası qadınlarda ağciyər xərçənginin görülmə tezliyinin eyni yaş qrupundakı kişiləri keçdiyi müəyyənləşdirilib. Bunun dəqiq səbəbi tam məlum olmasa da, siqaretdən başqa ətraf mühit faktorları, bioloji və genetik fərqlərin də rol oynaya biləcəyi düşünülür.

Qadınlarda əsas səbəb siqaretdir

Mütəxəssislərin sözlərinə görə, qadınlarda ağciyər xərçənginin artmasının əsas səbəblərindən biri siqaret istifadəsinin geniş yayılmasıdır. 2026-cı il məlumatlarına əsasən, qadınlarda ağciyər xərçəngi hallarının təxminən 84 faizi siqaretlə əlaqələndirilir.

Lakin risk yalnız siqaret çəkənlərlə məhdudlaşmır. Passiv siqaret tüstüsü, hava çirkliliyi, radon, asbest və bəzi peşəvi kanserogenlər də xəstəlik riskini artırır. Buna görə “Siqaret çəkmirəm, deməli ağciyər xərçəngi ola bilməz” düşüncəsi doğru deyil.

Əlamətləri gözləmək olmaz

Ağciyər xərçəngi erkən mərhələdə çox vaxt heç bir əlamət vermir. Daha sonrakı mərhələlərdə isə:

uzun müddət davam edən və ya xarakteri dəyişən öskürək;

qanlı bəlğəm;

nəfəs darlığı;

sinə ağrısı;

səs batması;

təkrarlanan ağciyər infeksiyaları;

səbəbsiz çəki itkisi;

iştahasızlıq və halsızlıq

müşahidə oluna bilər.

Mütəxəssislər xüsusilə risk qrupunda olan qadınların simptomların yaranmasını gözləməməsini tövsiyə edir. 50 yaşdan yuxarı və ən azı 20 il ərzində gündə bir qutu siqaret çəkmiş şəxslərə illik aşağı dozalı kompüter tomoqrafiyası ilə skrininq tövsiyə olunur.

Erkən aşkarlandıqda tam sağalma mümkündür

Müalicə xəstəliyin növü, mərhələsi, molekulyar xüsusiyyətləri və pasiyentin ümumi vəziyyətinə əsasən müəyyənləşdirilir. Erkən mərhələdə aşkarlanan ağciyər xərçəngində cərrahi müalicə ilə tam sağalma mümkün ola bilər. Bundan əlavə, kimyaterapiya, şüa terapiyası, immunoterapiya və hədəfəyönəlik müalicələrdən də istifadə edilir.

Ən təsirli qorunma yolu isə siqaretə başlamamaq və siqaret çəkənlərin bu vərdişdən imtina etməsidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az