Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qələmdən su qabına: Uşaqların məktəb ləvazimatlarında ağır metal təhlükəsi

Yeni tədris ili ərəfəsində məktəb ləvazimatlarına tələbat artır. Mütəxəssislər valideynləri uşaqların gün ərzində birbaşa təmas etdiyi qələm, boya, pozan, su qabı və qida qablarında ağır metal və zərərli kimyəvi maddələrin ola biləcəyi barədə xəbərdar edir.

Türkiyə Standartları İnstitutunun (TSE) laboratoriyalarında bu məhsulların insan sağlamlığı üçün təhlükə yarada biləcək maddələr ehtiva edib-etmədiyi yoxlanılır. Araşdırmalarda qələm və boyalarda ağır metallar, su qabı və qida qablarında isə hormonal pozuntulara səbəb ola bilən bisfenol A kimi maddələr test edilir.

Məhsul alarkən nələrə diqqət etmək lazımdır?

Mütəxəssislər valideynlərə məktəb ləvazimatları alarkən:

TSE və CE nişanlarının olub-olmadığını;

məhsulun etiketini və tərkibini;

yaş məhdudiyyətini;

istehsalçı və məhsulun mənşəyini yoxlamağı tövsiyə edir.

Həmçinin qablaşdırması zədələnməmiş, kəskin qoxusu olmayan və mənşəyi məlum məhsullara üstünlük verilməsi məsləhət görülür.

Dəri ilə birbaşa təmas edən üz və barmaq boyaları, döymə qələmləri kimi məhsulların isə dermatoloji testlərdən keçirilməsi vacibdir.

Ucuz məhsullar sağlamlıq riski yaradır

Mütəxəssislər xüsusilə nəzarətsiz və standartlara uyğun olmayan, bazarda “pilləkənaltı” kimi tanınan məhsullara qarşı xəbərdarlıq edir.

Belə məhsullarda kadmium, arsenik və digər ağır metallar, tekstil məhsullarında isə allergik reaksiyalara səbəb ola bilən azo boyar maddələr aşkar edilə bilər.

Mütəxəssislərin sözlərinə görə, daha ucuz olduğu üçün seçilən və nəzarətdən kənar istehsal olunan məhsulların uzun müddət istifadəsi uşaqların sağlamlığı üçün ciddi risk yaradır.

Buna görə də məktəb ləvazimatları alarkən yalnız qiymətə deyil, məhsulun təhlükəsizliyinə və keyfiyyətinə də diqqət etmək vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az