Avqust 28, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Mədəniyyət və cəmiyyət

Pulla satın alına bilməyən dəyərlər

​Həyatda bir çox şeyin qiyməti ola bilər, lakin dəyəri olan hər şeyin qiyməti yoxdur.
Pulla gözəl bir ev ala bilərsiniz, lakin o evin içindəki rahatlığı satın ala bilməzsiniz.
​Baha bir saat ala bilərsiniz, lakin zamanı satın ala bilməzsiniz.
​Ən yaxşı məktəblərdə oxuya bilərsiniz, lakin əxlaqı və xarakteri pulla qazana bilməzsiniz.
​İnsanları yanınızda işlədə bilərsiniz, lakin onların səmimi hörmətini satın ala bilməzsiniz.
​Ətrafınızda çoxlu insan ola bilər, lakin həqiqi dostluq mənfəətlə deyil, qəlblə qurulur.
​Bax, insanı həqiqətən zəngin edən və pulla satın alına bilməyən bəzi dəyərlər:
​Qanacaq (Mərifət)…
İnsanın harada və necə davranacağını bilməsidir. Bu, təkcə biliklə deyil; ailədən, mühitdən, təcrübədən və insanın özünü yetişdirməsi ilə qazanılır.
​Əxlaq…
Heç kimin görmədiyi yerdə belə doğru olanı edə bilməkdir. Əxlaq insanın həqiqi şəxsiyyətidir.
​Hörmət…
Vəzifəyə görə tələb oluna bilər, amma məcburiyyətlə qazanıla bilməz. Həqiqi hörmət davranışla, ədalətlə və insanlara verilən dəyərlə formalaşır.
​Xarakter…
Şərait dəyişsə belə, insanın öz dəyərlərindən dönməməsidir. Pul insanın imkanlarını artıra bilər, lakin xarakterini formalaşdıra bilməz.
​Sağlam düşüncə…
Eşitdiyi hər şeyə inanmamaq, hər əsəbləşəndə dərhal danışmamaq, gücü çatdığı hər an cavab verməməkdir. Bəzən susmağı, bəzən gözləməyi, bəzən də geri çəkilməyi bacarmaqdır.
​Etibar…
İllərlə qazanılır, bir neçə dəqiqəyə itirilə bilər. İtirildikdə pulu yenidən qazanmaq mümkündür, lakin sarsılmış etibarı bərpa etmək çox daha çətindir.
​Səbir…
Hər şeyin dərhal baş verməsini tələb etməməkdir. Zəhmət çəkmək, gözləmək, mübarizə aparmaq və yeri gələndə yenidən başlamaqdır.
​Nəzakət…
Təkcə gözəl geyinmək deyil. Qırmadan danışmaq, incitmədən xəbərdarlıq etmək, sahib olduğu güclə başqasını əzməməkdir.
​Dürüstlük…
Yalnız işinə yarayanda deyil, nəticəsi ağır olsa belə doğrunu deyə bilməkdir. Çünki dürüstlük insanın özünə olan hörmətinin göstəricisidir.
​Sevgi…
Bəlkə də bütün bunların ən dəyərlisidir. Həqiqi sevgi satın alına bilməz, məcburiyyətlə əldə edilməz və əmrlə yaşadıla bilməz. Sevgi ancaq səmimiyyətlə boy atır.
​Bir insanın bank hesabının böyük olması onun böyük insan olması demək deyildir.
​Əsl zənginlik:​etibarlı bir ad qoyub getmək, ​insanların qəlbində gözəl bir yer tutmaq, ​arxasınca xeyirlə yad olunmaq və olduğu mühitə dəyər qata bilməkdir.
​Övladlarımıza yalnız yaxşı bir peşə və maddi imkanlar qoyub getməyi düşünməyək. Onlara əxlaqı, hörməti, dürüstlüyü, səbri, mərhəməti və sevgini də miras qoyaq.
​İnsanın həqiqi sərvəti sahip olduğu maddi şeylər deyil, malik olduğu xarakterdir.
Vüqar Məmmədov
Gundelik.az