Həyatda bir çox şeyin qiyməti ola bilər, lakin dəyəri olan hər şeyin qiyməti yoxdur.
Pulla gözəl bir ev ala bilərsiniz, lakin o evin içindəki rahatlığı satın ala bilməzsiniz.
Baha bir saat ala bilərsiniz, lakin zamanı satın ala bilməzsiniz.
Ən yaxşı məktəblərdə oxuya bilərsiniz, lakin əxlaqı və xarakteri pulla qazana bilməzsiniz.
İnsanları yanınızda işlədə bilərsiniz, lakin onların səmimi hörmətini satın ala bilməzsiniz.
Ətrafınızda çoxlu insan ola bilər, lakin həqiqi dostluq mənfəətlə deyil, qəlblə qurulur.
Bax, insanı həqiqətən zəngin edən və pulla satın alına bilməyən bəzi dəyərlər:
Qanacaq (Mərifət)…
İnsanın harada və necə davranacağını bilməsidir. Bu, təkcə biliklə deyil; ailədən, mühitdən, təcrübədən və insanın özünü yetişdirməsi ilə qazanılır.
Əxlaq…
Heç kimin görmədiyi yerdə belə doğru olanı edə bilməkdir. Əxlaq insanın həqiqi şəxsiyyətidir.
Hörmət…
Vəzifəyə görə tələb oluna bilər, amma məcburiyyətlə qazanıla bilməz. Həqiqi hörmət davranışla, ədalətlə və insanlara verilən dəyərlə formalaşır.
Xarakter…
Şərait dəyişsə belə, insanın öz dəyərlərindən dönməməsidir. Pul insanın imkanlarını artıra bilər, lakin xarakterini formalaşdıra bilməz.
Sağlam düşüncə…
Eşitdiyi hər şeyə inanmamaq, hər əsəbləşəndə dərhal danışmamaq, gücü çatdığı hər an cavab verməməkdir. Bəzən susmağı, bəzən gözləməyi, bəzən də geri çəkilməyi bacarmaqdır.
Etibar…
İllərlə qazanılır, bir neçə dəqiqəyə itirilə bilər. İtirildikdə pulu yenidən qazanmaq mümkündür, lakin sarsılmış etibarı bərpa etmək çox daha çətindir.
Səbir…
Hər şeyin dərhal baş verməsini tələb etməməkdir. Zəhmət çəkmək, gözləmək, mübarizə aparmaq və yeri gələndə yenidən başlamaqdır.
Nəzakət…
Təkcə gözəl geyinmək deyil. Qırmadan danışmaq, incitmədən xəbərdarlıq etmək, sahib olduğu güclə başqasını əzməməkdir.
Dürüstlük…
Yalnız işinə yarayanda deyil, nəticəsi ağır olsa belə doğrunu deyə bilməkdir. Çünki dürüstlük insanın özünə olan hörmətinin göstəricisidir.
Sevgi…
Bəlkə də bütün bunların ən dəyərlisidir. Həqiqi sevgi satın alına bilməz, məcburiyyətlə əldə edilməz və əmrlə yaşadıla bilməz. Sevgi ancaq səmimiyyətlə boy atır.
Bir insanın bank hesabının böyük olması onun böyük insan olması demək deyildir.
Əsl zənginlik:etibarlı bir ad qoyub getmək, insanların qəlbində gözəl bir yer tutmaq, arxasınca xeyirlə yad olunmaq və olduğu mühitə dəyər qata bilməkdir.
Övladlarımıza yalnız yaxşı bir peşə və maddi imkanlar qoyub getməyi düşünməyək. Onlara əxlaqı, hörməti, dürüstlüyü, səbri, mərhəməti və sevgini də miras qoyaq.
İnsanın həqiqi sərvəti sahip olduğu maddi şeylər deyil, malik olduğu xarakterdir.
Vüqar Məmmədov
Gundelik.az

