Oktyabr 12, 2026
Baku
Ölkə Xəbərlər

Nisyə mal satanlara yeni tələb qoyulur

Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Mövcud qanunvericiliyə əsasən, aktivlərin keyfiyyət meyarlarına görə təsnifləşdirilməsi müəyyən edilən meyarlar əsasında həyata keçirilir.

Hər bir təsnifat kateqoriyası üçün müəyyən edilmiş meyarlardan (hallardan) biri və ya bir neçəsinin aşkarlanması aktivin həmin təsnifat kateqoriyasına aid edilməsi üçün əsas verir.

Keyfiyyət meyarlarına əsasən eyni aktiv üzrə fərqli təsnifat kateqoriyalarına aid hallar aşkarlandıqda daha aşağı təsnifat kateqoriyası əsas götürülür.

Yeni qərara əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edildikdə aktivlər qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.

Yəni, nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək.

Belə ki, bank həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə təqdim etdiyi məlumatları kredit bürolarına verilən məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı bu göstəricilərdən hər hansı biri üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edilərsə, həmin kredit qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdiriləcək.

Məsələn, şirkət banka nisyə satış portfelinin həcmi barədə 100 min manat məlumat təqdim edib, kredit bürosuna isə 120 min manatlıq məlumat veribsə, göstəricilər arasında uyğunluq 90 faizdən aşağı ola bilər. Bu halda kreditin qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilməsi üçün əsas yaranır.

Qeyd edək ki, qayda həm hüquqi şəxslərə, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə verilən kreditlərə aiddir.

Məlumat üçün bildirək ki, aktivlər dedikdə bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər başa düşülür.