İyul 22, 2026
Baku
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

İngiltərədə 20 yaşlı gənc qadınlar arasında 2-ci tip diabet halları artır

İngiltərədə 20 yaşlarında olan gənc qadınlar arasında 2-ci tip diabetin sürətlə artması mütəxəssisləri narahat edir. London İmperial Kollecinin alimləri NHS-in (Milli Səhiyyə Xidməti) 2011–2024-cü illərə aid məlumatlarını təhlil edərək bildiriblər ki, bu artım əsasən COVID-19 pandemiyasından sonra müşahidə olunub və piylənmənin yayılması ilə sıx əlaqəlidir.

2-ci tip diabet ciddi xəstəlikdir və infarkt, insult, böyrək, göz və sinir zədələnməsi kimi ağır fəsadlara səbəb olur. Xəstəlik gənc yaşlarda başladıqda isə daha aqressiv keçir və erkən ölüm riskini artırır.

Erkən diaqnoz həyati əhəmiyyət daşıyır

Diabetes UK təşkilatı risk qrupunda olan insanların vaxtında diaqnoz almasının uzunmüddətli orqan zədələnməsinin qarşısını almaq üçün vacib olduğunu vurğulayır.

Mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma və çəkinin normada saxlanılması bəzi hallarda 2-ci tip diabeti remissiyaya salaraq qlükozanı azaldan dərmanlara ehtiyacı aradan qaldırır. Bundan əlavə, GLP-1 əsaslı arıqlama iynələri və həblərinin də müalicədə faydalı ola biləcəyi qeyd edilir.

Gənclər arasında artım sürətlənib

Böyük Britaniyada diabetlə yaşayan 6 milyon insanın təxminən 90 faizi 2-ci tip diabetdən əziyyət çəkir.

Ən çox yeni diaqnozlar hələ də yaşlı insanlarda qeydə alınsa da, hazırda 30 yaşdan aşağı təxminən 12 min nəfər 2-ci tip diabetlə yaşayır və bu qrupda qadınların sayı daha çoxdur.

Xəstəliyin əsas əlamətləri bunlardır:

Davamlı yorğunluq;

Həddindən artıq susuzluq.

Araşdırma göstərib ki, 40 yaşdan aşağı şəxslər arasında, xüsusilə 20–29 yaşlı qadınlarda yeni diabet halları sürətlə artır. Eyni zamanda, diaqnoz qoyulan zaman onların bədən kütlə indeksi (BKİ) də əvvəlki illərlə müqayisədə daha yüksək olur ki, bu da piylənmənin əsas səbəblərdən biri olduğunu göstərir.

Piylənmə əsas risk faktorudur

İngiltərədə pandemiyadan sonra piylənmə halları əhəmiyyətli dərəcədə artıb və hazırda hər üç nəfərdən biri artıq çəki və ya piylənmədən əziyyət çəkir.

2019–2025-ci illər arasında:

20–29 yaşlılarda yeni piylənmə halları 16%,

30–39 yaşlılarda isə təxminən 20% artıb.

Əvəzində 60–79 yaşlı insanlar arasında bu göstərici azalıb.

Araşdırmanın rəhbəri, doktor Şivani Misra bildirib ki, gənclərdə ağır piylənmənin daha erkən yaşlarda başlaması onların 2-ci tip diabetə daha tez tutulmasına səbəb olur. Onun sözlərinə görə, əvvəllər risk daha çox etnik azlıqlarla əlaqələndirilsə də, yeni məlumatlar xəstəliyin ağdərili əhali arasında da sürətlə yayıldığını göstərir.

Bundan əlavə, Diabetes UK hamiləlik zamanı gestasion diabet diaqnozu qoyulan qadınların doğuşdan sonra da müntəzəm nəzarətdə saxlanılmasının vacibliyini vurğulayır. Çünki bu qadınlarda sonradan 2-ci tip diabet inkişaf etmə riski daha yüksəkdir.

Bəzi araşdırmalar COVID-19 keçirmiş insanlarda da 2-ci tip diabet riskinin arta biləcəyini göstərsə də, alimlər bunun hələ qəti şəkildə sübut olunmadığını bildirirlər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az