Sentyabr 18, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Alimlər demək olar ki, qocalmayan kəpənək aşkar ediblər

Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik meşələrində yaşayan bəzi Heliconius kəpənəklərinin digər növlərlə müqayisədə daha yavaş qocaldığı və uzun müddət yaşadığı müəyyənləşdirilib.

Əksər kəpənəklər cəmi bir neçə həftə yaşadığı halda, Heliconius kəpənəkləri təxminən bir ilə qədər ömür sürə bilir. Araşdırmaya görə, onların orta ömrü yaxın qohum növlərindən təxminən üç dəfə uzundur.

Uzun ömrün səbəbi nədir?

Heliconius kəpənəkləri digər kəpənəklərdən fərqli olaraq yalnız çiçək nektarı ilə deyil, tozcuqlarla da qidalanır. Lakin alimlər tozcuqları qida rasionundan çıxardıqda belə, onların uzunömürlülük üstünlüyünün qorunduğunu müşahidə ediblər. Bu isə qidalanma ilə yanaşı, genetik və təkamül amillərinin də rol oynadığını göstərir.

Təcrübələr zamanı yaşlanan Dryas iulia kəpənəklərində fiziki güc və əzələ funksiyalarının zəiflədiyi, Heliconius hecale fərdlərində isə yaşlanmaya baxmayaraq belə geriləmənin müşahidə olunmadığı müəyyən edilib.

25 dəfəyə qədər fərq

Nature Communications jurnalında dərc olunan araşdırmaya görə, ən uzunömürlü kəpənəklərdən biri olan Heliconius hewitsoni 348 günə qədər yaşaya bilir. Yaxın qohumu Dione juno isə cəmi 14 gün yaşayır.

Alimlər bildirirlər ki, yaxın təkamül qohumluğuna malik növlər arasında bu qədər böyük ömür fərqinin olması qocalmanın bioloji mexanizmlərini və uzunömürlülüyün sirlərini öyrənmək üçün mühüm imkan yaradır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az