İyul 8, 2026
Baku
Ədəbiyyat

Həsrətin Kölgəsində Qalan Ümidlər

Qayıt, Gəl Ata
Gözlərim qalıbdır sənin yolunda,
Güllərim solubdur bağça-bağımda.
Canımı verərəm sənin yolunda,
Nə olar, qayıt gəl, qayıt gəl, Ata.
Daha dözə bilmirəm bu acıya mən,
Həsrətdən dən düşüb saçlarıma, gəl.
Mən necə yaşayım sənsiz, kimsəsiz,
Nə olar, qayıt gəl, qayıt gəl, Ata.
***************************************************
   Sən Getdin
Hərdən düşünəndə,peşman oluram,
Niyə saf eşqimi mənasız bildin.
Bir insan qəlbinə dəydim,toxundum?
Qəlbimin sevinçi səninlə getdi,
Sən getdin,səninlə bərabər getdi.
Sevinçdir, qüssədir,həm də nalədir,
Bilirəm o yoldan,çox gəlib getdin.
Məhəbbət şöləsi bilmirəm haçan,
Tərk etdi bizləri səninlə getdi,
Sən getdin,səninlə bərabər getdi.
Heyif… hədər getdi o günkü görüş,
O günkü görüşdən de,nələr qaldı.
Mənalı baxışın, şərbət tək sözün,
Məndən uzaqlaşdı,səninlə getdi,
Sən getdin, səninlə bərabər getdi…
***********************************************
Bir Ömür Boyu
İncimə, mən səni sevə bilmirəm,
İstəyirsən dost qalaq bir ömür boyu.
Ya sən məni qısqan, ya da mən səni,
Qoruyaq bu dostluğu bir ömür boyu.
Qorxuram bağlanıb səssiz-səmirsiz,
Sonra peşman olarıq bir ömür boyu.
Mənə sevmək çətindir, çətindən çətin,
Çünki tək yaşamışam bir ömür boyu.
Sən gözəl insansan, buna şübhəm yox,
Sevərsən birini bir ömür boyu.
Çalış elə sev ki, sevən də onu,
Xəyanət etmədən bir ömür boyu.
 Şəhidlər
Yenə neçə can aldı namərd gülləsi,
Bayrağa bükülüb gəlir şəhidlər.
Buna necə dözsün ana ürəyi,
Üzləri nura boyanmış əziz şəhidlər.
Neçə-neçə körpəmiz atasız qaldı,
Nişanlı qızlarımız fata­sız qaldı,
Neçə-neçə evlər çıraqsız qaldı,
Vətənin uğrunda ölən şəhidlər.
Ölümündən sonra körpəsi olan,
Toyuna az qalmış yası tutulan,
Bəylik taxtına şəkli vurulan,
Xoşbəxtlik yerinə yazdıq şəhidlər.
Daha yaza bilmirəm qəmdən, kədərdən,
Daha şəhid verməyək, kədərlənməyək.
Siz bizim qəlbimizdə yaşayacaqsınız,
Məkanınız cənnət olsun, əziz şəhidlər.
******************************************
Qaytarın Onu
Bir az şirin idi, bir az da acı,
Bu həyat yolları ayırdı bizi.
O məndən ayrılıb uzağa getdi,
Qaytara bilirsiz, qaytarın onu.
Göylərdən yerlərə bir işıq düşdü,
Qəlbimin oduna bir alov düşdü.
Nə qədər yalvardım, qayıtmadı o,
Qaytara bilirsiz, qaytarın onu.
Bu eşqin sonunu görməsəm də mən,
Əl açıb Allaha yalvarıram mən.
Getdiyi yerlərdən qaytarın onu,
Qaytara bilirsiz, qaytarın onu…
Abdulla Ramazanov 
Gundelik.az