Bu dağlar
Dəlidağ, Sarıyer dağların gözü,
Dikpiləkən bu dağların ucası,
Qırmızıdağ gözəllərin gözəli,
Sarımsaqlı, Kətik, Keti yaraşıq,
Möhtəşəmdir sıralanmış bu dağlar.
******
Ecazkardır bu dağların duruşu,
Can alandı bizə tərəf baxışı,
Bu yerlərə bəzək verən naxışı,
Təbiətin aynasıdır bu dağlar,
Torpağımın sərvətidir bu dağlar.
******
Soltanheydər, Gəlinqaya bəzəkdir,
Pəriçınqıl, Xanım dərə gözəldir,
Qaragöllə Qiblə bulaq bir candır,
Alagölün Sarıyerdir məkanı,
Kəlbəcərə yaraşıqdır bu dağlar.
******
İstisudur bu dağların neməti,
Ceyran bulaq incilərin incisi,
Qaraarxacla Sarı bulaq qoşadı,
Yaşıl çəmən, gül-çiçəkdir bu dağlar,
Buz bulaqlar məsgənidir bu dağlar.
******
Sabir deyir möcüzədir bu dağlar,
İnsanları valeh edir bu dağlar,
Başı qardır, duman-çəndir bu dağlar,
Bir-birinə həmdəm olan bu dağlar,
Vüqarlıdır-əzəmətdir bu dağlar.
Dilbilməz
Yaman dərddi sən düşəsən,
Dilbilməzin tələsinə,
Əgər tutdusa yaxandan,
Qurtulmaq olmaz əlindən.
Keçmişləri sən unutma,
Bu məxluqdan dur kənara,
Etmə özünü sən fəda,
Çıxa bilməzsən torundan.
Onun adı dilbilməzdi,
Usandırar, yorar səni,
Olarsan onun əsiri,
Çətin çıxarsan felindən.
O, buraxmaz əldən səni,
Tamam üzər ürəyini,
Vermə nadana sirrini,
Qurtarmazsan hiyləsindən.
Atalar yerində deyib:
– Dilbilməzin dad əlindən !
Yara vurar ürəyindən,
Sağ çıxmazsan bu yaradan.
Qanmaz ki, var sözə baxmaz,
Başa düşməyə cəhd etməz,
Nə desən də o anlamaz,
Geri durmaz əməlindən.
Kələhbazdır dilbilməz,
Kimsəyə sirrini verməz,
Səni yandırar, söndürməz,
Uzaqda dur alovundan.
Son sözümü deyirəm mən,
Aralı qaç o, nankordan,
Yaxşılıq gözləmə ondan,
Heç nə umma dilbilməzdən.
Azərbaycan
Azərbaycan, əziz vətən!
Möcüzədir kəhkəşanın,
Havan təmiz, suyun sərin,
Füsunkardır təbiətin,
Azərbaycan, Azərbaycan!
Uca dağın ,çəmənin var,
Bulaqların zümzüməli,
Meşələrin əzəmətli,
İncilərin incisisən,
Azərbaycan , Azərbaycan!
Xəzər sənin övladındır,
Kürlə Araz ürəyindir,
Göygöl gözəllik tacındır,
Torpağın elin sərvəti
Azərbaycan, Azərbaycan!
Qucağında bəslədiyin,
Qartal süzür göylərində
O, ucalıq zirvəsidir,
Belə zirvə əlçatmazdır,
Azərbaycan, Azərbaycan!
Elimizin məskənisən,
Damarımda axan qansan,
Sənsiz necə dözmək olar,
Yaxşı ömür sürmək olar?!
Azərbaycan , Azərbaycan!
Sənin çoxlu sərvətin var,
Yer altında, yer üstündə,
Vurğun olub sənə dünya,
Heyrətamiz vətənsən sən,
Azərbaycan , Azərbaycan!
Əyilmədən yol gedirsən,
Yüksəklərə qalxa-qalxa,
Tarix yazıb ad alırsan,
Şöhrətlənib ucalırsan,
Azərbaycan , Azərbaycan!
Zaman ötür, il dolanır,
Gündən -günə çiçəklənir,
Şəhərlərin gözəlləşir,
Baxçaların bəhər verir,
Azərbaycan , Azərbaycan!
Sən ümidlər beşiyisən,
İnsanlara sevinc verən,
Xariqələr yaradırsan,
Ürəklərə ilham verən,
Azərbaycan, Azərbaycan!
Dünyanın ən möhtəşəmi,
Bənzərin yox heç bir yerdə,
Yer üzünün cənnətisən,
Doymaq olmur ətirindən,
Azərbaycan , Azərbaycan!
Hər bir dərdə məlhəm olan,
Dost yolunda candan keçən,
Sözündə də bütöv olan,
Xalqı üçün əziz olan,
Azərbaycan , Azərbaycan!
Ömür boyu düz yol gedən,
Sən ədalət carçısısan,
Mətanətlə addımlayan,
Dönməzliyə nişanəsən,
Azərbaycan, Azərbaycan!
Qoca palıd ağacıtək,
Dayanmısan öz yerində,
Təbiət çox dəyişsə də,
Sən eləcə yerindəsən,
Azərbaycan, Azərbaycan!
Elin səni hər an sevir,
Sənə görə candan keçir,
Əskik olma bu aləmdən,
Var olasan hər bir zaman,
Azərbaycan, Azərbaycan!
Gördüm
Göyçə gölün kənarında Ağkilsəni viran gördüm,
Bürünmüşdü duman- çənə hərtərəfin tutqun gördüm,
Ələsgərin məzarını tar- mar olmuş halda gördüm,
Daşnaqların törətdiyi vandallığı tamam gördüm.
Dərdə qərq olan kəndin qan ağlayan gözün gördüm,
Qarı düşmən tapdağında ərşə qalxan fəryad gördüm,
Ürəyim də parçalandı bu fəryadın naləsindən,
Yağı əlində inləyən Ağkilsəni talan gördüm.
Zavallı kənd küskün- küskün durub baxır,
Hicran dərdi qəm- qüssənin arasında onu əzir,
Xiffət çəkməkdən odlanan kəndi yaman bədbin gördüm,
İçin – için ağlayaraq yanıb külə dönən gördüm.
Yurdumuza göz dikənin həris gözü töküləcək,
Vəhşi düşmən kahasında darbadağın ediləcək,
İrəvanın səmasından qara bulud çəkiləcək,
Xalqımızın igidlərin özümüzə dayaq gördüm.
Cəsur Müzəffər Ordumuz düşmənə qan qusturacaq,
Əzəcək yağıların başın yurdumuzdan qovacaq,
Ağkilsə də doğma sakinlərinə tez qovuşacaq,
Gavur yırtıcı cəlladları hər zaman məğlub gördüm.
Sabir Rüstəmoğu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az
