Yaşlanmaq həyatın təbii mərhələsidir. Əsas məqsəd isə bu dövrü mümkün qədər sağlam və rahat keçirməkdir. Mütəxəssislər bunun üçün xüsusilə 65 yaşdan sonra müntəzəm tibbi müayinələrdən keçməyi, fiziki aktivliyi artırmağı, düzgün qidalanmağı və sosial-psixoloji sağlamlığa diqqət yetirməyi tövsiyə edirlər.
Müntəzəm həkim nəzarəti vacibdir.
Yaş artdıqca hipertoniya, diabet, ürək və böyrək çatışmazlığı, KOAH, müxtəlif xərçəng növləri ilə yanaşı, yaddaş pozuntusu, demensiya, depressiya, yıxılmalar, tarazlıq problemləri, əzələ itkisi və yuxu problemləri kimi yaşlılığa xas hallar da yaranır. Buna görə 65 yaşdan yuxarı insanların mütəmadi sağlamlıq yoxlamalarından keçməsi və mümkün olduqda geriatr mütəxəssisinin nəzarətində olması tövsiyə edilir.
Fiziki aktivlik artırılmalıdır.
Yaş irəlilədikcə hərəkətlilik azalsa da, fiziki aktivliyi qorumaq çox faydalıdır. Gəzinti, velosiped sürmək və bağ işləri kimi fəaliyyətlər gündəlik hərəkəti artırmağa kömək edir. Siqaret və alkoqoldan uzaq durmaq da sağlam yaşlanmanın mühüm şərtlərindəndir.
Qidalanmaya diqqət edilməlidir.
Həm həddindən artıq, həm də kifayət qədər qidalanmamaq müxtəlif problemlərə səbəb olur. Yemək vaxtlarını ötürməmək, gündə ən azı üç əsas öyün qəbul etmək, tərəvəz, salat və lifli qidalara üstünlük vermək məsləhətdir. Duzun miqdarı məhdudlaşdırılmalı, kifayət qədər su içilməlidir. Məqalədə yaşlı insanlar üçün gündə təxminən 6–8 stəkan su tövsiyə olunur.
Yuxu rejimi qorunmalıdır.
Mütəxəssis gündə ən azı 6–7 saat yatmağın vacib olduğunu bildirir.
Hobbilər və sosial münasibətlər də önəmlidir.
Hobbi ilə məşğul olmaq insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir, yaddaş, diqqət və qavrayış kimi koqnitiv funksiyaların aktiv qalmasına kömək edir. Eyni zamanda yaxın və sevilən insanlarla vaxt keçirmək də ruh yüksəkliyini qoruyur.
Kiçik məqsədlər müəyyənləşdirmək faydalıdır.
Mütəxəssislər yaşlı insanların qısa və orta müddətli məqsədlər qoymasını tövsiyə edirlər. Bu, motivasiyanı artırır və insanın özünü psixoloji baxımdan daha yaxşı hiss etməsinə kömək edir. Hadisələrə daha nikbin və tolerant yanaşmaq da sağlam və aktiv yaşlanma üçün əhəmiyyətlidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

