Gundelik.az Mədəniyyət və cəmiyyət Vərəmdən qorunmaq mümkündür
Mədəniyyət və cəmiyyət Xəbərlər

Vərəmdən qorunmaq mümkündür

Vərəm (tuberkulyoz) yoluxucu xəstəlik olsa da, bu gün uğurla müalicə edilə bilir. Xəstəlikdən qorunmağın ən effektiv yolu vərəm daşıyan insanların vaxtında aşkarlanması və müalicəyə başlanmasıdır. Körpəlik dövründə tətbiq olunan BCG peyvəndi də xəstəliyin ağır formalarından qorunmada mühüm rol oynayır.

Vərəmə Mycobacterium tuberculosis adlı bakteriya səbəb olur. Xəstəlik əsasən hava-damcı yolu ilə insandan insana keçir və ən çox ağciyərləri, bəzən isə digər orqanları zədələyir. Lakin mikrobla təmasda olan hər kəsdə xəstəlik yaranmır. Bakteriya orqanizmdə uzun müddət “yatmış” vəziyyətdə qalır və immunitet zəiflədikdə aktivləşir.

Əsas əlamətlər:

3 həftədən çox davam edən öskürək

Bəlğəm

Öskürək zamanı qan gəlməsi

Sinə ağrısı

Yorğunluq və halsızlıq

Qızdırma

Gecə tərləmələri

İştahsızlıq

Səbəbsiz çəki itkisi

Erkən diaqnoz vacibdir

Vərəmdən qorunmağın ən təsirli yollarından biri xəstələrin vaxtında müəyyənləşdirilərək müalicəyə başlanmasıdır. Müalicəyə başladıqdan təxminən 2-3 həftə sonra yoluxduruculuq böyük ölçüdə azalır.

BCG peyvəndi isə xüsusilə uşaqlarda vərəmin ağır və həyati təhlükəli formalarından qorunmağa kömək edir. Azərbaycandan fərqli olaraq məqalədə Türkiyədə BCG peyvəndinin körpələrə ikinci ayda bir dəfə tətbiq edildiyi qeyd olunur.

Bəzi hallarda, xüsusilə immun sistemi zəif olanlara və vərəm xəstəsi ilə eyni evdə yaşayanlara xəstəliyin qarşısını almaq üçün profilaktik dərman müalicəsi də tətbiq edilir.

Kimlər daha çox risk altındadır?

5 yaşdan kiçik uşaqlar

Yaşlılar

İmmuniteti zəif olan insanlar

HIV infeksiyası olanlar

Diabet və xroniki böyrək çatışmazlığı olanlar

Silikoz xəstələri

Lösemi və limfoması olanlar

Bəzi xərçəng xəstələri

Siqaret çəkənlər

Alkoqol və narkotik maddələrdən istifadə edənlər

Əşyalar vasitəsilə yoluxmur

Vərəm qaşıq, çəngəl, stəkan, paltar və yataq dəsti kimi əşyalar vasitəsilə yayılmır. Əsas yoluxma hava vasitəsilə baş verir.

Xəstələrin olduğu məkanların yaxşı havalandırılması və günəş işığının daxil olması havadakı yoluxdurucu hissəciklərin azalmasına kömək edir. Xəstələr yoluxdurucu olduqları müddətdə maskadan istifadə etməli, öskürərkən və asqırarkən ağızlarını örtməlidirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

 

Exit mobile version