Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Uşaqlar üçün sərhədi yaş işarələri, yoxsa valideynlər müəyyən etməlidirlər?
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqlar üçün sərhədi yaş işarələri, yoxsa valideynlər müəyyən etməlidirlər?

Film, serial, cizgi filmi və digər media məzmunlarında uşaqlar üçün yaş məhdudiyyətləri xüsusi işarələrlə göstərilir. Lakin mütəxəssislər bildirirlər ki, yalnız bu işarələrə güvənmək kifayət deyil. Çünki eyni yaşda olan uşaqların belə psixoloji və inkişaf səviyyələri fərqli olur.

Məsələn, 7 və 10 yaşlı uşaqlar arasında inkişaf baxımından böyük fərq olduğu halda, 20 və 23 yaşlı insanlar arasındakı fərq o qədər də nəzərəçarpan deyil. Buna görə də uşaqların hansı məzmuna baxmasının müəyyənləşdirilməsində yaş göstəriciləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri də nəzərə alınmalıdır.

Yaş məhdudiyyətləri necə müəyyən edilir?

Media məzmunlarında yaş həddi əsasən mövzuya və məzmundakı elementlərə görə müəyyənləşdirilir. Şiddət, qorxu, cinsi məzmun, neqativ davranışlar və digər uyğun olmayan elementlər yaş həddinin yüksəlməsinə səbəb olur.

Uşaqların inkişafı qiymətləndirilərkən onların fiziki, sosial və koqnitiv inkişaf xüsusiyyətləri də nəzərə alınır.

Mütəxəssislərin fikrincə, xüsusilə məktəbəqədər yaşlı uşaqlar ekranda gördükləri hadisələrin real, yoxsa uydurma olduğunu ayırmaqda çətinlik çəkirlər. Onlar cizgi filmi qəhrəmanlarını özlərinə nümunə götürərək gördükləri davranışları təqlid etməyə çalışırlar.

Eyni yaşda olan uşaqlar məzmundan eyni cür təsirlənirmi?

Xeyr. Eyni yaşda olan uşaqların belə bir filmi və ya cizgi filmini qavraması fərqli olur. Bunun səbəbi onların koqnitiv inkişafının, şəxsi xüsusiyyətlərinin və əvvəlki həyat təcrübələrinin müxtəlif olmasıdır.

Məsələn, kiçik uşaqlar daha çox xəyali və qeyri-real obrazlardan qorxa bildikləri halda, böyük uşaqlarda real hadisələr, xəbərlər və gerçəkliyə yaxın səhnələr daha çox narahatlıq yaradır.

Bu səbəbdən 10 yaş üçün uyğun hesab edilən məzmun həmin yaşdakı bütün uşaqlar üçün eyni dərəcədə uyğun olmur.

Valideynlər nə etməlidirlər?

Mütəxəssislər valideynlərə yalnız yaş işarələrinə deyil, uşağın fərdi inkişaf səviyyəsinə də diqqət yetirməyi tövsiyə edirlər.

Ən effektiv üsullardan biri uşaqlarla birlikdə məzmunu izləmək və daha sonra gördükləri barədə söhbət etməkdir. Bu, uşağın məzmunu düzgün anlamasına, ekranda verilən mesajları sorğulamasına və müsbət davranışları mənimsəməsinə kömək edir.

Valideynlər həmçinin uşağın nə izlədiyini, nə qədər müddət ekran qarşısında qaldığını və izlədiyi məzmunun hansı mövzuları əhatə etdiyini bilməlidirlər.

Xüsusilə xəbər, bəzi seriallar və real hadisələri əks etdirən digər məzmunların uşaqlara təqdim olunmasında daha diqqətli olmaq lazımdır. Bununla yanaşı, uşaqlarda media savadlılığının inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır.

Nəticə olaraq, yaş işarələri valideyn üçün istiqamətverici vasitədir, lakin son qərarın uşağın fərdi xüsusiyyətləri nəzərə alınaraq verilməsi daha doğrudur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version