2025-ci ildə Yaponiyada 14 yaşdan kiçik uşaqların sayı azalıb. Əhalinin cəmi 11,1%-ni təşkil edən uşaqlar ölkədə qocalma və məhsuldarlıq böhranını yenidən gündəmə gətirib.
Gundelik.az xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, 2025-ci il aprelin 1-nə 14 yaşadək uşaqların sayı 13 milyon 660 min nəfərə qədər azalıb. Bu rəqəm ötən illə müqayisədə 350 min nəfər azdır.
Ölkədə uşaq əhalinin sayının azalması 44 ildir ki, fasiləsiz olaraq davam edir.
Yaponiyada uşaqlar ümumi əhalinin cəmi 11,1 faizini təşkil edir. Bu göstərici ABŞ-də 21,7 faiz, Çində isə 17,1 faiz təşkil edir.
Mütəxəssislərin fikrincə, bir ölkənin əhalisini saxlaması üçün qadına düşən doğum əmsalı 2,1 olmalıdır. Lakin Yaponiyada bu nisbət uzun müddətdir ki, 1,3 civarındadır. Bu vəziyyət doğumların sayının ölənlərin sayından xeyli aşağı qalmasına səbəb olur.
Məsələn, 2014-cü ildə ölkədə 1,62 milyon insan həyatını itirdiyi halda, doğulanların sayı bu rəqəmin yarısına belə çatmayıb. Bu gün Yaponiya əhalisinin 20 faizindən çoxu 65 yaşdan yuxarıdır.
Doğum nisbətlərinin azalması və əhalinin qocalması əmək bazarına, sosial təminat sisteminə və qayğı xidmətlərinə təzyiq göstərir. Evlilik nisbətləri sabit olsa da, boşanmaların sayı artır.
Hökumət həll yollarını axtarır
Yaponiya hökuməti dörd günlük iş həftəsi, evlilik və uşaqlar üçün təşviqlər, körpələr evi tutumunun artırılması kimi addımlarla doğum nisbətlərini artırmağa çalışır. Bununla belə, yüksək yaşayış xərcləri, aşağı maaşlar, sıx iş tempi və məhdud yaşayış sahələri bu səylərin təsirini azaldır.
Yaponiya, Çin, Cənubi Koreya ilə yanaşı, Honq Konq və Tayvan oxşar əhali böhranlarla üzləşir.
Gundelik.az

