Yaponiya hökuməti ölkədə artan ayı hücumlarının qarşısını almaq məqsədilə lisenziyalı ovçuların cəlb olunmasına qərar verib.
Gundelik.az xəbər verir ki, Ətraf Mühit Nazirliyi insanlara hücum edən və yaşayış məntəqələrinə yaxınlaşan ayıları zərərsizləşdirmək üçün ovçular və digər mütəxəssislər üçün xüsusi büdcə ayıracaq.
Nazirlik bu qərarı cümə axşamı keçirilən yüksək səviyyəli iclasdan sonra açıqlayıb. Bu ilin əvvəllərindən indiyədək baş verən hücumlar nəticəsində 12 nəfər həyatını itirib ki, bu da 2000-ci illərdən bəri qeydə alınan ən yüksək göstəricidir. Ölənlər arasında Hokkaydoda qəzet daşıyıcısı və İvatedəki bağında tapılan 67 yaşlı kişi var.
Hökumət ayıları “ictimai təhlükəsizlik üçün ciddi risk” olaraq qiymətləndirir. Hücumların qarşısını almaq üçün polis əməkdaşlarına ayıları vurmaq səlahiyyəti verilməsi də daxil olmaqla müxtəlif tədbirlər nəzərdə tutulur. Səlahiyyətlilərin noyabrın ortalarına qədər bu istiqamətdə konkret addımları açıqlaması gözlənilir.
Son vaxtlar ayılar supermarketlərə, məktəblərə və digər ictimai yerlərə girərək insanlara hücum edir. Ölkədə iki növ ayı mövcuddur: Honsyu adasında yaşayan yapon qara ayısı və Hokkaydoda rast gəlinən daha iri və aqressiv qonur ayı.
Bu ilin statistikalarına görə, ayı hücumları nəticəsində 100-dən çox insan yaralanıb. Ən çox hücumlar dağlıq şimal Akita prefekturasında qeydə alınıb. Yaponiya Özünümüdafiə Qüvvələri (JSF) də bölgədə ayıların tutulması və çıxarılmasına dəstək verəcək. Müdafiə naziri Şinciro Koizumi bildirib ki, “insanların həyatı və dolanışığı təhlükə altındadır”. Qanuna görə, əsgərlər ayılara atəş aça bilməsələr də, ovçulara tələ qurmaq və ölü ayıları daşımaqda kömək edə bilərlər.
Akita qubernatoru Kenta Suzuki bölgədə fəaliyyət göstərən ovçuların sayının azaldığını qeyd edib. Yaponiyanın ovçu əhalisi yaşlanır və hər il azalır. Ekspertlər iqlim dəyişikliyi səbəbindən fıstıq toxumu ehtiyatının azalmasının ayıları qida axtarışında yaşayış məntəqələrinə yaxınlaşdırdığını bildirirlər. Həmçinin kənd yerlərində əhalinin azalması hücum riskini artıran digər amildir.
Hökumət sentyabr ayında ayıların vurulmasını asanlaşdıran silah haqqında qanunda dəyişiklik edib.
Gundelik.az

