Yadplanetlilərdən siqnal gəldi - Bizimlə əlaqə qurmağa çalışırlar?

Yadplanetlilərdən siqnal gəldi - Bizimlə əlaqə qurmağa çalışırlar?

Çinin FAST radio teleskopu başqa planet sistemindən gələn və yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan mütəxəssislərin diqqətini çəkən sirli radio siqnalı qeydə alıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qeydin hələ 2021-ci ildə aparıldığı bildirilir. Lakin siqnalın təhlilinin nəticələri yalnız bu yaxınlarda açıqlanıb. NBS 260108 adlandırılan radio siqnalı sabit, tək tezlikli bir ton formasında olub və zaman keçdikcə bərabər şəkildə tezliyini dəyişib.

Bu xüsusiyyətlər təbii proseslər nəticəsində yaranan siqnallar üçün xarakterik hesab edilmir. Mütəxəssislər isə bu halın siqnalın süni mənşəli ola biləcəyinə dair ehtimalları gündəmə gətirdiyini bildirirlər.

Siqnal 238 işıq ili uzaqlıqdan qeydə alınıb

Sirli radio siqnalı Yerdən təxminən 238 işıq ili məsafəsində yerləşən K2-155 ulduz sisteminin müşahidələri zamanı qeydə alınıb.

Bu sistemin üç super-Yerdən ibarət olduğu ehtimal edilir. Super-Yerlər ölçülərinə görə Yerdən böyük, lakin Neptun və Uran planetlərindən kiçik olan göy cisimləridir.

Həmin planetlərdən birinin ulduzun yaşayış üçün əlverişli zonası yaxınlığında yerləşdiyi bildirilir. Bu isə sistemə olan elmi marağı daha da artırır.

Araşdırmanın nəticələri “The Astronomical Journal” elmi jurnalında dərc olunub.

Yadplanetlilərə cavab vermək qadağan edilib?

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Astronavtika Akademiyasının yadplanetlilərə cavab verilməsini və naməlum uçan obyektlərə hər hansı siqnal göndərilməsini qadağan etdiyi barədə məlumat yayılmışdı.

Bildirilib ki, belə bir siqnala necə və hansı formada cavab veriləcəyi ilə bağlı qərarlar yalnız Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə qəbul ediləcək.

Sirli radio siqnalının həqiqətən süni mənşəli olub-olmadığı isə hələ də dəqiqləşdirilməyib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.