Nigar Məmmədova: “Bakı-Ankara münasibətləri regional və qlobal proseslərə təsir imkanlarına malikdir”
Nigar Məmmədova
Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasındakı münasibətlərin siyasi və strateji əhəmiyyətini bir daha gündəmə gətirdi. Şuşada səsləndirilən bəyanatlar Azərbaycan-Türkiyə qardaşlığının tarixi və mənəvi bağlılıqla yanaşı, ortaq geosiyasi maraqlara, təhlükəsizlik və iqtisadi əməkdaşlığa əsaslandığını nümayiş etdirdi.
Prezident İlham Əliyev Türkiyə dövlət başçısının Zəfər Günündə Qarabağda olmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirərək qardaş ölkənin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı. Dövlət başçısı bildirdi ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onunla telefon danışığı Azərbaycan xalqına əlavə ruh və güc verib.
Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi “Biz birlikdə daha da güclüyük” fikri iki dövlət arasındakı münasibətlərin xarakterini ifadə edən əsas mesajlardan biri idi. Şuşadan verilən mesajlar göstərdi ki, Türkiyə-Azərbaycan birliyi regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq amili kimi çıxış edir. Bakı və Ankara arasında formalaşan strateji tərəfdaşlıq modeli regional və qlobal proseslərə təsir imkanlarına malikdir.
İki ölkə arasındakı münasibətlərin əsasını təşkil edən Şuşa Bəyannaməsi görüşün mühüm mövzularından biri oldu. 2021-ci il iyunun 15-də imzalanmış bu sənəd Türkiyə-Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin daha da dərinləşməsinə xidmət edir.
Dövlət başçıları, eyni zamanda, iki ölkə arasındakı birliyi zəiflətmək istəyənlərin məqsədlərinə nail ola bilməyəcəklərini bəyan etdilər. Bu mesaj Azərbaycan-Türkiyə münasibətlərinin kənar təsirlərdən asılı olmayaraq inkişaf etdirilməsinin və strateji müttəfiqliyin qorunmasının vacibliyini ifadə edir.
Liderlərin bəyanatlarında regional təhlükəsizlik və gələcək əməkdaşlıq məsələləri də mühüm yer tutdu. Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrlə yanaşı, enerji, investisiya, nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizi məsələlərinin müzakirə olunduğunu bildirdi.
Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı olduğunu vurğuladı. Onun “Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır” fikri regionda sülh və sabitliyin təmin olunmasına verilən dəstəyi ifadə edir.
Qarabağda aparılan bərpa və yenidənqurma işləri də səfərin mühüm istiqamətlərindən biri oldu. Ərdoğan Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və “Ağıllı Tingçilik” müəssisəsinin yaradılmasını, Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlanmasını iki ölkə əməkdaşlığının konkret nəticələri kimi təqdim etdi. Türkiyə Prezidenti Qarabağın yenidən qurulması prosesində Ankaranın təcrübə və dəstəyinin davam edəcəyini bildirdi.
Ümumilikdə, Ərdoğanın Zəfər Günündə Şuşaya səfəri və səsləndirilən bəyanatlar göstərdi ki, strateji müttəfiqlik, regional təhlükəsizlik və Türk dünyasında inteqrasiya ikitərəfli münasibətlərin əsas istiqamətləridir. Bakı və Ankara arasında mövcud olan siyasi iradə və qarşılıqlı dəstək münasibətlərin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Nigar Məmmədova
Milli Məclisin deputatı