Dənizdən əsl canavar çıxardılar: 134 kiloqramlıq balıq gündəm oldu

Dənizdən əsl canavar çıxardılar: 134 kiloqramlıq balıq gündəm oldu

Çinin Şandun əyalətində balıqçı gəmisi limana insan boyunu ötən nəhəng skumbriya ilə qayıdıb. Qeyri-adi ov həm təcrübəli balıqçıları, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Gundelik.az xəbər verir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb.

Məlumata görə, nəhəng balığın uzunluğu 2,46 metrə, çəkisi isə 134 kiloqrama çatıb. Təcrübəli balıqçılar belə bir ovun olduqca nadir hadisə olduğunu bildirirlər.

Təcrübəli dənizçi Van Veyzyunun sözlərinə görə, ispan skumbriyası adətən sahilyanı sularda ovlanır və çox böyük çəkisi ilə seçilmir. Balığın 100 kiloqramdan artıq çəkiyə çatması üçün Sarı dənizin təmiz sularında təbii şəraitdə 10 ildən çox böyüməsi lazımdır.

Nəhəng balıq sosial şəbəkələrdə zarafat mövzusuna çevrildi

Balıqçıların rekord sayıla biləcək ovu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər nəhəng balıqla bağlı müxtəlif zarafatlar ediblər.

Onlardan bəziləri Şandun əyalətindəki istənilən qayınatanın belə bir hədiyyəyə heyran qalacağını yazıblar.

Bu zarafatın arxasında bölgənin maraqlı ənənəsi dayanır. Belə ki, Şandunda yaz aylarında yaşlı qohumlara, xüsusilə də qız atalarına təzə ispan skumbriyası hədiyyə etmək adəti var. Balıq nə qədər böyük olarsa, hədiyyə də bir o qədər dəyərli hesab edilir.

Vyetnamda da nəhəng skumbriya tutulmuşdu

Qeyd edək ki, daha əvvəl Vyetnamda bir balıqçının 63 kiloqram ağırlığında və təxminən 1,7 metr uzunluğunda skumbriya tutduğu bildirilmişdi. Balığı sudan çıxarmaq üçün balıqçı dostlarından kömək istəməli olmuşdu.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.