Brüssel səmasında nə baş verir? - Pilot dəfələrlə sirli uçan obyektlər qeydə alıb

Brüssel səmasında nə baş verir? - Pilot dəfələrlə sirli uçan obyektlər qeydə alıb

Avropa səmasında sirli obyektlər peyda olur

Böyük Britaniya aviaşirkətinin pilotu Avropa üzərində uçuşlar zamanı dəfələrlə naməlum uçan obyektlərlə (UNO) qarşılaşdığını iddia edib. Pilotun açıqlamaları sirli səma hadisələrinə marağı yenidən artırıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

48 yaşlı Stiv Freyzer 27 ildir mülki aviasiyada çalışır. Onun sözlərinə görə, son illərdə Avropa səmasında uçuşlar zamanı dəfələrlə naməlum uçan obyektlərlə qarşılaşıb. Freyzer 2022-ci ildən bəri 6-7 dəfə belə hadisənin şahidi olduğunu bildirib. Qarşılaşmaların əksəriyyəti isə Belçikanın paytaxtı Brüssel üzərində baş verib.

Pilot əvvəlcə səmada gördüyü işıqların havada yanacaq dolduran hərbi təyyarələr ola biləcəyini düşünüb. Lakin obyektlərin sürəti və hərəkət trayektoriyası onun tanıdığı heç bir uçuş aparatına uyğun gəlməyib.

Freyzer hadisələrdən birini belə təsvir edib:

“Uçuş zamanı bu işıqları gördüm. Litvadan qayıdan həmkarım da onları müşahidə etmişdi. Eyni hava məkanında və təxminən eyni istiqamətdə hərəkət edən obyektləri görmüşdük. Bu, olduqca qəribə idi”.

Britaniyalı pilot naməlum uçan obyektləri müzakirə etmək üçün həmkarı ilə əlaqə saxladığını da bildirib. Onun sözlərinə görə, obyektlərdən birinin arxasınca getməyə çalışsa da, ona yaxınlaşa bilməyib.

Freyzer sirli obyektlərin hər zaman şimal-qərb istiqamətində hərəkət etdiyini də vurğulayıb. O, qarşılaşmalardan birini videoya çəkib. Pilot görüntülərdəki obyektlərin İlon Maskın “Starlink” rabitə sisteminə aid peyklər ola biləcəyini ehtimal edib.

Mütəxəssislər sirli obyektləri tanıya bilməyib

“Metro” əməkdaşları görüntüləri anomal hadisələr üzrə rejissor və tədqiqatçı Mark Kristofer Liyə təqdim ediblər. O, videodakı naməlum obyektləri müəyyənləşdirə bilməyib. Bununla belə, həmin obyektlərin NATO hərbçiləri tərəfindən sınaqdan keçirilən güclü pilotsuz uçuş aparatları ola biləcəyini ehtimal edib.

“UFO Truth Magazine” ufoloji jurnalının redaktoru Qari Heseltayn da görüntülərdə nəyin əks olunduğunu müəyyənləşdirə bilməyib. Bununla yanaşı, o, videonun ciddi elmi araşdırmaya layiq olduğunu bildirib.

Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında da sirli obyekt görünüb

Qeyd edək ki, daha əvvəl “UFO Sighting Daily” ufoloji saytının kosmos tədqiqatçısı Skott Uorinq Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında sirli UNO gördüyünü iddia etmişdi.

Ufoloqun sözlərinə görə, dairəvi formaya malik ağ obyektin diametri təxminən 7 metr olub.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.